Gürcüstan və NATO rəsmiləri görüşdü

Gürcüstan-Rusiya müharibəsi rus və gürcü xalqları arasında uçurum yaratdı.
NATO-nun Brüsseldəki baş qərargahında Gürcüstan rəsmiləri ilə NATO baş katibi Yens Stoltenberqlə görüş keçirilib.

ANS PRESS-in məlumatına görə, Gürcüstan tərəfdən görüşdə müdafiə naziri Tina Xidaşeli və xarici işlər naziri Georgi Kvirikaşvili iştirak edib.

Görüşdə əsasən Gürcüstanın NATO-ya üzvlüyünün perespektivləri, Gürcüstanın Varşava sammitindən gözləntiləri və mövcud NATO-Gürcüstan paketinin həyata keçirilməsi müzakirə olunub. Bu görüş NATO müdafiə nazirlərinin Brüssel toplantısı çərçivəsində baş tutub. Gürcüstanın nümayəndə heyəti Brüsselə oktyabrın 7-si, səhər saatlarında yollanıb.


Tina Xidaşeli.

"Gürcüstan Rusiya ilə "diplomatik müharibə"ni uğurla aparır. Ancaq rəsmi Tiflis ali məqsədinə – ərazi bütövlüyünün bərpasına o zaman nail olacaq ki, ölkənin Avropa İttifaqına inteqrasiyası tamamlansın",- bu sözləri bir müddət əvvəl Gürcüstanın qadın müdafiə naziri Tina Xidaşeli bildirmişdi.

O, verdiyi müsahibədə bildirib ki, Rusiya diplomatik dairələrdə bütün mövqelərini itirdiyi bir vaxtda Gürcüstan yeni dostlar qazanmaqdadır. Onun sözlərinə görə, Gürcüstan tədricən Avropaya inteqrasiyaya doğru gedəcək və heç bir təxribat bu prosesi dayandıra və ya yavaşıda bilməz. Heç kəsin Rusiya barədə illüziyası yoxdur və dünyada heç kəs Rusiya haqqında tərəfdaş kimi düşünmür.



Xanım müdafiə naziri Rusiya hərbi qüvvələrini Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinin işğalında günahlandırıb: "Tiflis gözləyir ki, Rusiya əsgərləri özləri Gürcüstan sərhədlərini 1992-ci ildəki mövqelərinə qaytaracaqlar və bu, ölkənin Avropa ailəsinə inteqrasiyasından sonra baş verəcək".

Rusiya-Gürcüstan müharibəsinin tarixinə gəlincə, 2008-ci il avqustun 8-də separatçı Cənubi Osetiya münaqişəsi bölgəsi ətrafında günbəgün gərginləşən vəziyyət nəzarətdən çıxıb və Gürcüstan ordusu gecə saatlarında itirdiyi ərazilərini qaytarmaq üçün Sxinvali üzərinə hücuma keçib. Avqustun 9-da Rusiyaya məxsus 150 tank Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil olub. Rus qoşunları və separatçılar əks-hücuma keçərək bölgəni Rusiya ilə əlaqələndirən Roki tunelini geri qaytarıb və Rusiya qoşunlarının bu yolla irəliləyib.


Rusiya-Gürcüstan müharibəsi - 2008-ci il avqust ayı.

Nəticədə Gürcüstan-Rusiya müharibəsi rus və gürcü xalqları arasında uçurum yaratdı. Gürcüstan Rusiyaya nəinki quru, hətta hava yolunu da bağlayıb. Müharibə nəticəsində Cənubi Osetiyadan 30 minə yaxın gürcü qaçqın itkin düşüb.


Gürcüstan xəritədə