Varşavada NATO sammiti

Baltikyanı ölkələrə batalyon yerləşdiriləcək.
Donald Tusk, Yens Stoltenberq və Jan-Klod Yunker Varşavadakı NATO sammitində
Donald Tusk, Yens Stoltenberq və Jan-Klod Yunker Varşavadakı NATO sammitində

22:30 / NATO liderləri qərar verdilər

NATO ölkələri liderləri Baltikyanı ölkələrin hər birində və Polşada bir beynəlxalq batalyonun yerləşdirilməsinə dair qərar veriblər. ANS PRESS-in məlumatına görə, bu haqda Litva prezidentinin mətbuat katibliyi xəbər yayıb.

“NATO liderlərinin görüşündə qərar alındı ki, hər Baltikyanı ölkədə və Polşada ABŞ, Almaniya, Böyük Britaniya və Kanadadan olan 1000 hərbi qulluqçudan ibarət batalyonlar yerləşdiriləcək”, – Litva prezidenti Dalya Qribauskaytenin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Rəsmi məlumatda prezidentin sözlərindən də sitat gətirilib: “Biz razılaşdığımız və istədiyimizi əldə etdik”.

Mətbuat xidmətinin məlumatına görə, Litva batalyonunun yaradılmasına Almaniya rəhbərlik edəcək. 

Dalya Qribauskayte - Litva prezidenti
Dalya Qribauskayte - Litva prezidenti

19:30 / İlham Əliyev Varşavada Con Kerri ilə görüşüb

Prezident İlham Əliyev Varşavada keçirilən NATO Sammiti çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

13:31 / NATO-dan Qarabağ çağırışı

NATO Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini gərginliyi azaltmağa,  zorakılıqdan çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə nail olmağa çağırır.

ANS PRESS-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Varşavada NATO sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, NATO-nun yekun kommunikesində Dağlıq Qarabağ məsələsi də qeyd ediləcək.

“Münaqişə tərəfləri danışıqlar prosesini davam etdirməyə çalışmalıdır. Münaqişəsnin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyirik", - Baş katib bildirib.

NATO-nun Varşava sammitindən
NATO-nun Varşava sammitindən

12:42 / İlham Əliyevin iştirak etdiyi böyük sammit başladı

Polşanın paytaxtı Varşavada keçirilən NATO sammiti öz işinə başlayıb.

ANS PRESS-in məlumatına görə, Polşa prezidenti Andjey Duda NATO-nun təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı danışıb.

Bu dəqiqələrdə isə NATO-nun Baş katibi Yens Stoltenberq çıxış edir. O, həlli uzadılmış münaqişələr, terrorizmə qarşı mübarizəyə toxunub.

10:11 / Varşavada NATO sammiti başlayır

Bu gün Polşanın paytaxtı Varşavada Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı 17 dövlət başçısının iştirak edəcəyi NATO sammiti başlayır.

ANS PRESS-in məlumatına görə, sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.

Sammitdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, - deyə o yazıb.

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan NATO sammiti çərçivəsində keçiriləcək  Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının görüşündə  iştirak etmək üçün Varşavaya səfər edəcək. Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

İlham Əliyev və Serj Sarkisyan
İlham Əliyev və Serj Sarkisyan

Məlumata görə, görüş Alyansa üzv olan və olmayan dövlətlərin prezidentləri və hökumət rəhbərləri formatında keçiriləcək. Səfər çərçivəsində Sarkisyanın Varşavada bir neçə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.

Azərbaycan prezidenti İlham Əliyevin isə artıq Polşanın paytaxtı Varşavaya işgüzar səfəri başlayıb. Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir.

Prezident İlham Əliyevin NATO sammitində iştiraki (2014-ci il Uels)
Prezident İlham Əliyevin NATO sammitində iştiraki (2014-ci il Uels)

Bir müddət əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün yeri NATO-nun iclası çərçivəsində Varşavada ola biləcəyi barədə Ermənistan mətbuatında xəbərlər yayılmışdı.

Sammitdə 18 prezident iştirak edəcək. Prezidentlərlə bərabər 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Təşkilatın iclası bu gün və sabah keçiriləcək. 

Comments