Medvedev İrəvanda səfərdədir

Dmitri Medvedev ilə Ovik Abramyan arasında görüş olub.
Rusiyanın baş naziri Dmitri Medvedev və ermənistanlı həmkarı Ovik Abramyan
Rusiyanın baş naziri Dmitri Medvedev və ermənistanlı həmkarı Ovik Abramyan

Rusiyanın baş naziri Dmitri Medvedev ermənistanlı həmkarı Ovik Abramyan ilə görüşüb. ANS PRESS-in məlumatına görə, görüşün əsas mövzularından biri Ermənistana satılan silahların taleyi olub.

Ovik Abramyan rusiyalı həmkarından müqavilələr əsasında satılan silahların Ermənistana tez çatdırılmasını xahiş edib.

"Rusiya Ermənistanın silah alması üçün bizə verdiyi kreditlərə görə sizə minnətdarıq. Amma silahların çatdırılmasında bəzi ləngimələr var. Sizdən xahiş edirik ki, silahların tez çatdırılması ilə bağlı müvafiq qurumlara təlimat verəsiniz”, - deyə Abramyan Medvedevə bildirib.

Medvedev isə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunub. O bildirib ki, Rusiya münaqişəninin həllində tərəflərə dəstək göstərməyə hazırdır.


18:16 / Medvedyevin İrəvan səfəri başlayıb

Rusiyanın baş naziri Dmitri Medvedyevin İrəvana səfəri başlayıb. ANS PRESS-in məlumatına görə, o, səfəri çərçivəsində “erməni soyqırımı” abidəsini ziyarət edib.

Medvedyev İrəvanda həmkarı Ovik Abramyanla və prezident Serj Sarkisyanla görüşəcək. Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq, investisiya, energetika və nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət və Avrasiya inteqrasiyası kimi məsələlərin müzakirəsi planlaşdırılır.

Görüşdə həmçinin idarələr, regionlar və hökumətlərarası bir sıra sənədlərin imzalanacağı gözlənilir. Medvedyev sabah Bakıya gələcək. O, prezident İlham Əliyev və baş nazir Artur Rasi-zadə ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həll yolları barədə müzakirələr aparacaq. Bundan əvvəl Medvedyevin Avrasiya İqtisadi Birliyinin (AİB) baş nazirlərinin iclasında iştirak edəcəyi bildirilirdi.

Amma Ermənistan-Azərbaycan təmas xəttində baş verən son gərginlikdən sonra təşkilata sədrlik edən Qazaxıstanın təklifi ilə həmin toplantı təxirə salınıb.

Medvedyevin İrəvanda əsas müzakirə edəcəyi məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi olacaq. Çünki Rusiya Azərbaycan ordusunun son əməliyyatlarından sonra münaqişənin həllində fəallaşmağa başlayıb.

Aprelin 5- də Moskvada iki ölkə baş qərargah rəislərinin görüşləri olub. Görüş zamanı Moskvanın təşəbbüşü ilə atəşkəs razılaşması əldə olunub. Amma atəşkəs əldə olunana kimi Azərbaycan ordusu işğal olunmuş ərazilərinin bəzi hissələrini azad edib.

 

Şərhlər