Bəylə gəlin toya "Vespa" ilə gəldi

Bu hadisələr ətrafdakı insanların da diqqətini çəkib.
Bakıda gəlin və bəy toya qeyri-adi formada gedib.

ANS PRESS-in məlumatına görə, bu dəfə bəylə gəlin toya adət etdiyimiz formada -yəni avtomobildə deyil, "Vespa" markalı motosikletlə gəlib. Onları, eyni zamanda, bir neçə nəfər gənc də müşayiət edib. Paytaxt küçələrində gəzən cütlük xeyli əyləndikdən sonra toy mərasiminə gediblər.

Bu hadisə ətrafdakı insanların da diqqətini çəkib. İnsanlar bəy və gəlini təbrik ediblər.



Toy karvanından görüntülər


Bu gün Azərbaycanda daha bir toyda maraqlı hadisə baş verib. Lənkəranın Şirinsu kəndindən Yardımlıya doqquz “KAMAZ”dan ibarət toy karvanı yola düşüb. Toyun səbəbkarı 26 yaşlı Ramil Əkbərov yük maşınının sürücüsü olduğu üçün maraqlı ideya həyata keçirib.

Yardımlı rayonuna qız gətirməyə gedən toy karvanında bu dəfə avtomobilləri 9 “KAMAZ” əvəzləyib. Xüsusi bəzədilən “KAMAZ” karvanı həm dağ yolunda daha rahat hərəkət edib, həm də bəy və gəlin üçün unudulmaz bir xatirə kimi yaddaşlara həkk olunub.


Gəlin gətirilməsi üçün bəzədilən “KAMAZ”

Samuxda isə gəlin onu aparmağa gələn betonqarışdıran maşını görəndə şoka düşüb. Samux rayonunun “İstixana” adlı qəsəbəsinin sakini Saleh İbrahimov adlı gəncin toy günü bu yerlərin camaatı tərəfindən hələ çox danışılacaq. Çünki həmin mərasim maraqlı və qeyri-adi toy karvanı ilə yadda qaldı. Daha dəqiq desək, gəlin gətirməyə yollanan avtomobilin betonqarışdıran olması çoxlarını təəcübləndirib.


Toy karvanından görüntülər


Daha bir maraqlı toy karvanı London Taksiləri ilə təşkil olunub. Bu dəfə bütün maşınlar London taksilərindən ibarət olub. Bu maşın çatışmazlığından deyil, sadəcə, toyun maraqlı xatirələrlə yadda qalması üçün təşkil olunub. Maraqlısı odur ki, bu sürprizdən bəyin də xəbəri olmayıb, bunu onun üçün qardaşı təşkil edib. 14 taksidən ibarət karvan qız evinə çatanadək, hamının marağına səbəb olub.


London Taksilərinin toy karvanı


İnsanları təəccübləndirən daha bir maraqlı toy hadisəsi gəlin və bəyin şadlıq sarayına metro ilə getməsi olub. Cütlük metroya Əhmədli metrostansiyasında minib və Həzi Aslanova qədər gedib.

Bəylə gəlin sərnişinlərin də diqqətini cəlb edib və onlar cütlüyün fotosunu və videosunu çəkiblər. Həmin görüntüləri sizə də təqdim edirik:




Hər-halda, toy karvanının hansı formada təşkil olunmasından asılı olmayaraq, əsas məsələ qurulan ailənin möhkəm olmasıdır.