İstefa Davudoğlunun, yoxsa Ərdoğanın qərarıdır

Davudoğlunun istefasına münasibət bildirərən Ərdoğan bunun baş nazirin öz qərarı olduğunu bildirib.
Davudoğlu və Ərdoğan
Davudoğlu və Ərdoğan

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun tutduğu vəzifədən və partiya sədrliyindən istefa verməsi ötən gün bütün dünya mətbuatının əsas xəbərlərindən biri olub. ANS PRESS-in məlumatına görə, Davudoğlunun bu addımı Türkiyədə də, dünyada da birmənalı qarşılanmayıb. Bəziləri bunun heyət qərarı, bəziləri isə baş nazirin şəxsi təşəbbüsü olduğunu iddia etsə də böyük əksəriyyət Davudoğlunun prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə istefa verdiyini hesab edir.    

Mayın 4-də prezident Ərdoğanla baş nazir Davudoğlu arasında baş tutmuş 1 saat 40 dəqiqəlik görüşdən sonra Ankara kulvarlarında baş nazirin istefa verəcəyi barədə iddialar sürətlə yayılmışdı. Ötən gün isə hakim Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəz Qərar İcra Qurulunun (MKYK) 35 dəqiqəlik iclasından sonra Davudoğlu baş nazirlikdən və AKP sədrliyindən istefa verdiyini açıqlamışdı. 

Açıqlaması zamanı baş nazir prezident R.T.Ərdoğanla münasibətlərini korlamağa çalışanlara əsla izin verməyəcəyini qeyd edib. "Onun ailəsi mənim ailəm, onun qüruru mənim qürurumdur. Son nəfəsimizə qədər ona sadiq qalacağam".   

Əhməd Davudoğlu daha sonra istefası barədə verdiyi açıqlamada dostlarının onun üçün vəzifədən daha əhəmiyyətli olduğunu deyib.

“Keçmişlərin bir sözü var: “Yoldan çox yol yoldaşı...”. Mən yol yoldaşlarımın mənimlə olduqlarına inanmaq istəyirəm. Bu çərçivədə axırıncı MKYK iclasında baş verənlər partiya üsulları baxımından mənim üçün əhəmiyyətli olmasa da dost nöqteyi-nəzərindən doğru olmadığına qənaət gətirmədiyim üçün bütün dostlarımızla və prezidentlə keçirdiyimiz görüşdə dost dəyişdirməkdən sədr dəyişikliyinin doğru olacağı fikri hasil oldu. MKYK və digər iclasların dəyişilməsi partiya daxilində müxtəlif fikirlərə səbəb ola bilərdi. Bu səbəbdən də qurultayda namizədliyimi irəli sürməyəcəyəm. “Nəfsimi ayağımın altına alaram, bir faninin tərk edə bilməyəcəyi hesab edilən vəzifəni tərk edərəm, amma “ağ heyətin” (AKP üzvləri) üzülməsinə izn vermərəm” – demişdim. Addımı da buna görə atıram”.     

Prezident Rəcəb Tayyib Ərdoğan Davudoğlunun istefasına münasibət bildirərkən bunun baş nazirin tamamilə özünə aid bir qərar olduğunu bildirib: “Xeyirli olsun. Baş nazirin şəxsi qərarıdır”.

AKP-nin əsas fiqurlarından hesab edilən Ankara bələdiyyəsinin sədri Melih Gökçekin sosial şəbəkədə paylaşdığı mesaj isə prezidentin açıqlaması ilə təzad təşkil edir. Gökçek yazdığı tvitdə, böyüklərin verdiyi qərarlar istiqamətində hərəkət etdiklərini deyib.

“Bizdə bir ənənə var. Hərəkatın lideri bir qərar verdiyi zaman bizim vəzifəmiz bunu müzakirə etmək yox, riayət etməkdir. Liderimiz sədrimizlə oturdu və bir qərar verdilər. Qərara nəyin səbəb olduğunu bilmirik. Bilmək də istəmirik. Əsas olan qarşılıqlı hörmətdir. Cənab Davudoğlunun vidası son dərəcə səviyyəli və bütünləşdirici idi. Elə bizim gücümüz də burdan gəlir. Liderə bağlı olmaq, birliyi və bütövlüyü qorumaq bizim üçün əsasdır. Cənab Davudoğluna göstərdiyi xidmətlərə görə təşəkkürümü bildirirəm. AKP-mizə seçiləcək yeni sədrimizə indidən uğurlar arzulayıram” – deyə tvitdə qeyd edilib.  

Baş verənlərə münasibət bildirən Türkiyənin anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu baş nazirə halallıq verdiyini bildirib: “Cənab Davudoğlunu müdafiə etmək də bizə düşdü”.

Qeyd edək ki, Əhməd Davudoğlu fövqəladə qurultaya qədər baş nazirlik vəzifəsinə və AKP sədrliyinin icrasına davam edəcək. Davudoğlu qurultay günü hər iki vəzifəsindən istefa edərək vəzifəsini yeni sədrə təhvil verəcək. Bundan sonra Əhməd Davudoğlu AKP-nin Konya vilayətindən millət vəkili kimi işinə davam edəcək. AKP-nin fövqəladə qurultayı bu il mayın 22-də keçiriləcək.           

 

Şərhlər