"Ermənilər bu işlərdə azərbaycanlılar kimi deyillər"

ABŞ Azərbaycanlıları Şəbəkəsinin rəhbəri ABŞ-da Azərbaycana qarşı yönələn erməni lobbisindən danışıb
Adil Bağırov
Adil Bağırov

ABŞ-ın Dayton şəhərinin (Ohayo ştatı-red.) təhsil şurasının rəhbəri təyin edilən azərbaycanlı alim, "Qarabağ" Fondu və ABŞ azərbaycanlıları şəbəkəsinin yaradıcısı və direktorlar şurasının üzvü Adil Bağırov ANS -in Vaşinqtondakı bürosuna müsahibə verib.

ANS PRESS həmin müsahibəni oxucularına təqdim edir.

Adil, 20 ildir Amerika Birləşmiş Ştatlarında yaşayırsınız.  Amerikaya ilk gələndə  16 yaşınız  var idi.  Bu 20 ildə biz sizi  daha çox diaspor fəaliyyətinizlə tanımışıq. Bu illər  ərzində Amerika-Azərbaycan münasibətlərində  hansı dəyişikliyi müşahidə etmisiniz?

Azərbaycanı indi daha  yaxşı tanıyırlar. Sadəcə Vaşinqtonda deyil, digər ştatlarda da tanımağa başlayıblar. ABŞ çox böyük ölkədir. Ona görə də Azərbaycanın indi daha yaxşı tanınması vacibdir. Sadəcə Vaşinqtonda  yox,  Nyu-York, Boston, Los Anceles, Çikaqo və Hyuston kimi iri şəhərlərdə də tanımalıdırlar.  Bu şəhərlər siyasət baxımından da çox önəmlidirlər. İndi  siz də izləyirsiniz, seçki zamanıdır.  Fikir verin, ştatlar bu seçkidə nə qədər önəmli rol oynayır.  Bütün namizədlər çoxlu  pul və  enerji  xərcləyirlər ki, təki o ştatların səsini alsınlar.  Ona görə ki,  tanıtım  vacibdir. Məhz bu səbəbdən deyirəm ki, adı çəkilən bu ştatlarda indi Azərbaycanı da yaxşı tanımağa başlayıblar.  Amma, əlbəttə ki, bizi daha çox tanımaları üçün daha çox insanların işləməsi lazımdır.

Adil Bağırov - ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru
Adil Bağırov - ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru

Azərbaycan  prezidenti cənab İlham Əliyev martın sonunda nüvə sammitində iştirak  etmək üçün Vaşinqtona səfər edəcək. Bir sıra görüşlərin keçirilməsi gözlənilir. Bu səfərin münasibətlərə təsirini necə qiymətləndirirsiniz?

Əlbəttə, bu görüşün və bu səfərin  çox böyük  və müsbət təsiri olacaq. Sonuncu  dəfə prezident təxminən bir neçə il  əvvəl  Amerikaya gəlmişdi. Bu səfər,  həqiqətən də maraqla gözlənilir. ABŞ ilə Azərbaycan arasında bu əlaqələr daha sıx olsun. Məncə, bu, böyuk bir addımdır  və pozitivdir.

Amerika-Azərbaycan münasibətlərinə medianın gözü ilə baxanda fərqli  mənzərə görünür. Mediada yazılanlara görə, Amerika-Azərbaycan münasibətləri iki il əvvəl daha yaxşı idi, nəinki bu gün.  Siz  bu məsələni necə  şərh edərdiniz?


Məncə,  strateji  baxımdan münasibətlərimiz yaxşıdır. Əvvəlki illərlə eyni səviyyədədir. Amma o, doğrudur ki, mediada daha çox  kritika yer alır.  Nyu-York Tayms, Vaşinqton Postda daha çox  neqativ  məsələləri çap edirlər.  Azərbaycan haqqında  neqativə  daha çox yer verirlər. Amma ölkənin müsbət addımlarını yazmır və çap etmirlər. Hətta neytral məsələləri  belə, görürsən ki, çap etmirlər.  Bunun da  müxtəlif səbəbləri var. Çünki  Ermənilərin bu sahələrə  çox böyük  təsirləri var.

Ermənilər Amerika mediasına necə təsir edə bilirlər?

"Ermənilər bu məsələlərdə azərbaycanlılar kimi deyillər"

Mən deyə bilmərəm ki, bu məsələlərin hamısı  100  faiz  ermənilərin işidir. Bu, doğru deyil. Amma deyə bilərəm ki, yarısı  Ermənistan lobbisinin işidir.  Siz bunu aydın görə bilərsiniz. Məsələn, məqalələrlə bağlı  şərhlərə baxanda görəcəksiniz ki,  erməni lobbisi çox aktivdir. ANKA və Erməni Milli Assambleyasından gəlirlər, media ilə işləyirlər və  bir çox yorumları yazırlar. Erməni lobbisi birbaşa  redaktorlarla  işləyir.  Onlara  çoxlu  məktub göndərirlər və çox işləyirlər. Ermənilər bu işlərdə azərbaycanlılar kimi deyillər. Həqiqətən, onlar bu məsələdə çox aktivdirlər.

 

Adil müəllim, axı Amerikada Azərbaycan diasporası da var. Bizim gücümüz bu  cəmiyyət üçün nə qədər təsirlidir?

Azərbayan diasporası burada  çox kiçikdir.  Böyük  diaspora deyil. Daha çox Cənubi  Azərbaycandan  gəlmiş azərbaycanlılardır. Onların əksəriyyəti  də Dalğıq Qarabağ və Xocalı faciəsi ilə bağlı  çox az  məlumatlıdırlar.  Bu, normal bir şeydir. Erməni  lobbisi burada  daha  böyükdür. Ermənilər 2  milyondur,  azərbaycanlılar isə İran azərbaycanlıları ilə birlikdə  400 min  nəfərik. İkinci məsələ, ermənilər burada 200 ildən çoxdur yaşayırlar.  Üçüncüsü,  ermənilər  daha  çox  siyasət, tarix  üzrə  təhsil alırlar. Bu sahədə  çox oxuyurlur.  Azərbaycanlılar isə bura gələndə ya  mühəndis olurlar, ya da  bizneslə məşğul olurlar. Bu da disbalans yaradır. Məsələn, burada  görə bilməzsiniz ki, azərbaycanlı  oxuyub siyasətdən dərs desin. Hələ belə Azərbaycan professoru yoxdur. Amma Ermənistandan gəlmiş professorlar isə  ən öndə gedən universitetlərdə  dərs  verir və bu kitabların yazılmasında iştirak edirlər. Sayları da  kifayət qədər çoxdur. Bu da təsir edir.

Adil müəllim ilk azərbaycanlısınız ki, Amerika Birləşmiş Ştatları kimi güclü dövlətdə  vəzifə almısınız.  Özü də amerikalılar üçün çox vacib olan təhsil sahəsində. İşiniz nədən ibarətdir?

Mən birinci amerikalı-azərbaycanlı oldum. Amerikada seçildim. Bundan əvvəl bir çox azərbaycanlı seçilmək istəmişdi, amma, təəssüf ki, alınmamışdı. Mən Ohayo Ştatından seçildim. Təxminən 8  min nəfər mənə səs verdi. Amerikada qəribə sistem var. Burada siyasət var və təhsil üzrə paralel  struktur. Mən orada seçildim. Deyton şəhərinin  bütün məktəb  və təhsil müəssisələri ilə bağlı  məsələlərə indi  mən baxıram. Həmin  qurumun həm də  prezidenti seçildim. Bu, əlbəttə, siyasətdə birinci  addımımdır. İnşallah, daha da çox addımlar atarıq.

"Hər bir azərbaycanlı uşağın əlində kompüter olmalıdır"

Amerikaya indi  çoxlu azərbaycanlı gənc gəlir. Kimisi təhsil, kimisi isə müxtəlif  arzularını reallaşdırmaq üçün.

Azərbaycandan gələn  gənclərimiz və ya  professorlarımız  bu  cəmiyyətə daha çox inteqrasiya olmalıdırlar. Amerikalılarla daha çox işləməlidirlər. Birgə layihələr yaratmalıdırlar. Birgə məqalələr çap etməlidirlər. Bura çox böyük ölkədir. Bir, on, ya da yüz nəfərlə  burada böyük   irəliləyiş qazanmaq olmaz. Lazımdır ki, sayımız minlərlə olsun. Azərbaycanlılar bura gəlib daha çox  işləməli və fəaliyyət göstərməlidirlər.

Azərbaycan təhsilini izləyirsiniz? Tövsiyəniz?

Amerika ilə Azərbaycan təhsil sistemi çox  fərqlidir.  İstəyirəm onu deyim ki, Azərbaycanda  kompüterlə bağlı təhsil artırılmalıdır.  Hər bir azərbaycanlı  uşağın əlində  kompüter olmalıdır. Bu təkcə məktəbdə olmamalıdır. Uşaq onu özü ilə evinə də aparmağı bacarmalıdır. Bu, çox vacibdir.  

Biz  Nobel mükafatçısı Əziz Sancarla da görüşmüşdük. O, uşaqlarınıza  riyyaziyyat, kimya və fizika öyrədin demişdi.  Siz isə  tarixi də bu siyahıya əlavə edirsiniz.

Məncə, bu fənləri bir-birindən seçmək olmaz. Bunların 4-ü də bizim üçün çox vacibdir. Bizim  uşaqlar bunların 4-nü də  yüksək səviyyədə bilməlidirlər.

 

 

Şərhlər