Vaqif Səmədoğlunun ruhu ilə söhbət (VİDEO)

Mir Şahin Xalq şairinin həyat yoldaşı ilə onun həyatı, son anları barədə danışıb.
Son görüşümüzdə razılaşmışdıq ki, əcəl aman verməsə belə mən Vaqif Səmədoğlugilə gedim. Mən də getdim, söz verdiyim kimi. Nüşabə xanımla danışsam da, Vaqif Səmədoğlunun ruhu ilə söhbət edirdim.

Mir Şahinin belə formatda ilk söhbətini ANS PRESS oxucularına təqdim edir.

- Vaqif Səmədoğlu bayramları sevən idi, yoxsa onun üçün fərqi yox idi?
- Mən onunla tanış oldum, evlilikdən öncə telefonla da danışırdıq. Mənim atam bayram günlərində ailənin bir yerə toplaşmasını sevirdi. Mən bütün bunları ona danışırdım. Deyirdim ki, bunda nə pis şey var ki, böyük stol açılır, hər kəs onun başına toplaşır. Bu həm də mehribanlıq yaradır.

Evləndikdən sonra mən çalışdım ki, bayramları birlikdə keçirək. Çalışdım ki, ailədə heç olmasa biz bunu qeyd edək. Siz deyən bayram adamı deyildi. Yeni il axşamı kim məni təbrik edirsə deyirəm ki, mənə bayram düşmür.
Qızım dedi ki, o, nə xoşlayırdısa, onları da edəcəyəm.

- Nə xoşlayırdı o?
- Vaqif qurman idi, dadlı, yaxşı hər şey xoşlayırdı. Bir dəfə bizim evlilik ərəfəsində Xavər xanım onu tərifləyir. Deyirdi ki, daşdan yumşaq qabağına nə qoysan, yeyəcək. Vaqif də hirsləndi, dedi: “Mama, adam da oğluna belə deyər?” Dedim, sən heç narahat olma, elə bil ki, mən bu söhbəti eşitmədim. Sənin qabağında ürəyin nə istəyir, o da olacaq. Həm dadlı yeməkləri sevirdi, eyni zamanda bir də görürdün, özü üçün kolbasa, sosis alırdı. Mən onları yeyən deyildim.

- Həyatda Vaqifdən sonra nələri anlamağa başladınız?
- Mən demişəm, yenə də deyirəm, anladım ki, mənim yanımdakı kimdir, hansı şəxsiyyətdir. Kimlə yaşayıram mən. Hər adam, bəlkə də, bunu anlaya bilməz. Necə ki, o, yaşamaq qüvvəsini ailəsindən alırdı, mən də həyatın mənasını onda görürdüm. O, heç bunu gizlətmirdi.
Allah məni bağışlasın, amma bu, belə idi.

- Son anları xatırlamaq istəyirəm…
- Bayaq biz qızımızla yada salırdıq. Ayın 31-də ondan soruşduq ki, ürəyi nə istəyir. O, bir paştet yedi, bir qaşıq ikra. Dedi, bununla qurtardım. Sonra getdi yatdı. Bu artıq çox şey demək idi. İki dünya arasında idi. Son zamanlar mən bunu hiss edirdim.
Hətta bir dəfə mənə rus dilində dedi ki, “Nuşa otpusti menya” (Nuşa məni burax). Bu, mənə çox pis təsir etdi. Mən yavaş-yavaş siz deyən məsələyə gəlirəm.
İsraildən ağrıkəsici, dərman gətirmişdik. Amma o gecə - 27-də birdən nə isə dəyişdi. Özünə ayrı yer də ayırdı. Heç kimi narahat etmək istəmirdi.
Sualları heç sevmirdi. Özü demişdi ki, “mən sonda başa düşdüm ki, cavablarım tükəndi, suallarım çoxaldı”.

- Siz dediniz ki, həmin dəqiqələrdən sizin onun yanında olmağınızı istəmirdi. O, son olaraq nə dedi ki, siz getdiniz?
- Mən getməmişdim, onun yanında idim. Kaş ki o, öz ölməyini bilməzdi, amma o bildi ki, artıq gedəcək, sankı yavaş-yavaş ölümə təslim oldu. O yaşamaq istəyirdi, amma yorulmuşdu. Hər zaman deyirdi ki, mən səni yoruram.
Vəziyyəti pisləşdi və təcili yardım gəldi. Mən onun yanında oturmuşdum. Mənə baxdı, dedi “mən ölürəm”. Dedim, "sən nə danışırsan, yox!" Sonra gülümsəyərək "yaxşı, gözləyərəm səni" dedi. Birdən üzünü bizə tutaraq dedi "çıxın bayıra". Dedim "yatmaq istəyirsən?" Dedi hə. Mən getmədim, yanına qayıdıb dedim "sənə pisdi, hə?" Başı ilə mənə "hə" deyə cavab verdi. Əlini öpmək istəyəndə əli düşdü. Belə….

- Sizcə, Vaqifə necədir indi?
- Əgər o dünya varsa, Vaqifin sözü ilə desək, heç kim ordan qayıtmayıb, ona görə deyə bilmərik.

- Torpağı sanı yaşayın demirəm, ruhu qədər yaşayın. Çünki onun ruhu sizdədir.
- Çox sağ olun. Onun ruhu mənə güc verir.

Müsahibənin tam mətni ilə aşağıdakı videoda tanış ola bilərsiniz: