"Hesabat"ın qonağı Türkiyə səfiri Alper Coşkun olub

Türkiyə səfiri insan tələfatının olmasına rəğmən daha ciddi faciənin qarşısının alındığını vurğulayıb.
Alper Coşkun - Türkiyənin Azərbaycandakı səfiri
Alper Coşkun - Türkiyənin Azərbaycandakı səfiri

"Türkiyənin həm İsraillə, həm də Rusiya ilə münasibətlərinin müsbət istiqamətdə cərəyan etdiyi bir vaxtda terror hadisəsinin baş verməsi çox diqqətçəkici məqamdır".

Bunu ANS TV-nin "Hesabat" verilişində Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun Mir Şahinin suallarını cavablandırarkən bildirib. 

O, terrorçuların əslində xain planlarının daha böyük bir qətliam törətmək olduğunu, lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi sayəsində bunun qarşısının alındığını qeyd edib.

Alper Coşkun Atatürk Hava Limanının və eləcə də Türkiyənin digər hava limanlarının müdafiəsinin çox yüksək səviyyədə təmin edildiyini və elə bunun sayəsində hər nə qədər ağır olsa da 40 nəfər itkiyə rəğmən daha böyük bir faciənin qarşının alındığını bildirib.

Daha sonra Türkiyə Hava Limanında baş verən terror hadisəsi ilə Belçikada “Zaventem” hava limanında baş verən terroru müqayisə edən səfir ilk hadisə zamanı terrorçuların "Chek in" nöqtəsində sərnişinlərə hücum etdiyini, lakin Atatürk Hava Limanında terminal binasının girişində silahlılara müdaxilə edildiyini, insan tələfatının olmasına rəğmən daha ciddi faciənin qarşısının alındığını vurğulayıb.

Daha sonra Alper Coşkun bütün dünyanı terrorla mübarizədə birləşməyə və gücləri ortaya qoyaraq birgə səy göstərməyə çağırıb.

Baş verən qanlı hadisələr zamanı Azərbaycan xalqına və ölkə rəhbərliyinə göstərdiyi diqqətə və dəstəyə görə öz təşəkkürünü bildirən səfir Türkiyə - Rusiya münasibətlərinin normallaşmasında prezident İlham Əliyevin göstərdiyi səylərə görə məmnunluğunu ifadə edib.

Səfir Türkiyənin məsələsinin Azərbaycanın, eləcə də Azərbaycanın hər hansı bir məsələsinin Türkiyənin məsələsi olduğunu vurğulayıb.

"Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti və Azərbaycan prezidentinə Rusiya ilə münasibətlərin normallaşmasında göstərdiyi səylərə görə minnətdarlığını bildirib. Bunu çox normal qarşılamaq lazımdır. Çünki bölgədə sabitliyin, hüzurun və ölkələrin inkişafı üçün irəli sürülən layihələrin uğurla davam etdirilməsi üçün Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması hər kəs üçün xeyirlidir",- deyə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun qeyd edib. 

Alper Coşkunun "Hesabat"a müsahibəsi