Putin Suriyaya xüsusi ordusunu göndərir

Rus komandir: "Bu məsələ hələ də müzakirə edilir. Belə bir plan var".
Vladimir Putin və Barak Obama
Vladimir Putin və Barak Obama

Rusiya prezidenti Vladimir Putin Əsəd rejiminə dəstək məqsədilə xüsusi təyinatlı qüvvələri quru əməliyyatları üçün Suriyaya göndərməyi planlaşdırır. ANS PRESS-in məlumatına görə, Putin bu dəfə "qəti qələbə" üçün Suriyaya rus xüsusi qüvvələrini göndərməyi düşünür.

Rusiyanın keçmiş xarici işlər nazirinin müavini Andrey Fyodorov deyib ki, Putin bu barədə rus komandirləri ilə müzakirələr aparıb: "Bu məsələ hələ də müzakirə edilir. Belə bir plan var".

Fyodorov Rusiyanın hər hansı bir şəkildə quru əməliyyatlarına daxil olmasının eyni zamanda narahatlıqlar doğurduğunu qeyd edib. Onun sözlərinə görə, bu vəziyyət sülh danışıqlarını daha mürəkkəb bir hala gətirə bilər. Bundan sonra ABŞ ilə yeni münaqişələrə yol da açıla bilər. 

Məlumata görə, Rusiyanın həm siyasi, həm də hərbi dairələrində rus xüsusi qüvvələrinin quru əməliyyatları üçün Suriyaya göndərilməsinin zəruri olduğunu düşünənlər də var.

Ümumiyyətlə, Rusiya və ABŞ Suriya məsələsinə görə dil tapa bilmir. Hələ ötən ilin sentyabrında iki ölkə rəhbərləri bu məsələ ilə bağlı görüşəndə Suriyada vəziyyətə toxunan Putin danışıqlardan sonra deyib ki, suriyalılar öz talelərini özləri həll etməlidirlər. Prezident Rusiya qoşunlarının Suriyada yerüstü əməliyyatlarda iştirakını da istisna edib.

Barak Obama bəyan edib ki, nə qədər ki Bəşər Əsəd Suriya prezidentidir, Suriya münaqişəsini həll etmək mümkün olmayacaq.

Vladimir Putin isə B.Əsədə yardım göstərməyi vacib bilib, onun sözlərinə görə, ölkədə hal-hazırda yeganə hüquqi lider odur. Bundan başqa, Rusiya prezidenti ABŞ-ın mövcud Suriya hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməsini səhv adlandırıb.

Lakin Obama öz xalqına qarşı müharibə aparan Bəşər Əsədin bundan sonra hər hansı bir barışığa təminatçı ola bilməsinə və bütün törətdiyi cinayətlərdən sonra Suriya diktatoru olmasına layiq olmadığını deyib. ABŞ prezidenti hakimiyyətin başqa bir siyasətçiyə verilməsi tərəfdarı olduğunu vurğulayıb.

Sonda hər iki ölkə başçıları eyni fikrə gələrək İŞİD-ə qarşı mübarizənin vacibliyini qeyd ediblər.

 

Şərhlər