Dünya Azərbaycanlılarının IV Qurultayı başlayıb

Qurultayda prezident İlham Əliyev də iştirak edir.
Dünya Azərbaycanlılarının IV Qurultayı
Dünya Azərbaycanlılarının IV Qurultayı

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı başlayıb. Qurultay Heydər Əliyev Mərkəzində keçirilir.  Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

İki gün davam edəcək qurultaya 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq qatılıb. Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də yer alıb. 

Qurultay iyunun 4-də yekunlaşacaq.

Prezident Dünya Azərbaycanlılarının IV Qurultayında çıxış edir
Prezident Dünya Azərbaycanlılarının IV Qurultayında çıxış edir

Tədbir çərçivəsində diaspor nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşləri də planlaşdırılır. Görüşlərdə xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə ediləcək.

Dünya azərbaycanlılarının I qurultayı Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində keçirilib. II Qurultay 5 il sonra Azərbaycan prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli sərəncamına əsasən 2006-cı il mart ayının 16-da baş tutub. Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci ilin iyul ayının 5-6-da Bakı şəhərində keçirilib.

 

Şərhlər