Eldar Ryazanovla vida mərasimi davam edir (VİDEO)

Kinorejissor Novodeviçye məzarlığında torpağa tapşırılacaq.
SSRİ-nin və Rusiya Federasiyasının məşhur rejissoru Eldar Ryazanov 89 yaşında Moskvada dünyasını dəyişib. Azərbaycanlı kinosevərlərin də yaxından tanıdığı rejissor pərəstişkarlarını yasa boğub.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, dahi kinorejissor Eldar Ryazanovun həyatdan köçməsi Rus sənətsevərləri yasa boğdu.

Səhərin erkən saatlarından etibarən sənətkarın pərəstişkarları "Eldar" kinoklubuna axın edir.

Məşhur rejissorun həyat və yaradıcılığıyla bağlı əsərlərin nümayiş edildiyi "Eldar" kinoklubunda hamı yas içindədir.

Əbədi olaraq dünyaya gözlərini yuman rejissorun, özündən sonra Rus kinomotoqrafiyasına 30-a yaxın şah əsəri qalıb. “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, “İşdə məhəbbət macərası”, “Karnaval gecəsi”, “Qoca quldurlar” kimi Azərbaycanlı tamaşaçıların da sevgisini qazanmış olan rejissor bundan sonra da filmlərilə pərəstişkarlarının qəlbində yaşayacaq.

“Təəssüf ki, belə insanlar həyatdan köçür. Onun filmləri çox şən olsa da fəlsəfi mənada biraz kədərliydi. Şəxsi həyatında da çox gözəl insandı”, - deyə aktrisa Lyudmila Korovkina bildirib.

“Komediya janrında ona çatan yoxdu. Bu çox böyük bir itkidir. Səmimi qəlbdən bu itkinin acısını yaşayırıq. Ancaq onun filmləri uzun illər yaşayacaq. Bu filmlər komediya janrının klassikləridir və onları dəfələrlə izləyəcəyik”, - deyə vətəndaş Svetlana Şuvalova qeyd edib.

Eldar Ryazanov 3 dekabrda Moskvanın Novodeviçye məzarlığında torpağa tapşırılacaq.