Azərbaycanda yeni qalmaqallı həbs

Elşad Abdullayev qalmaqalı MTN-ə qədər uzanır.
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin bacısı oğlu, eyni zamanda onun hüquqlarını müdafiə komitəsinin sədri Azad Mürsəliyev həbs olunub.

ANS PRESS-in məlumatına görə, bu barədə “Azadlıq” qəzetinə Azad Mürsəliyevin oğlu məlumat verib: “Mən Azadın oğluyam. Atam Azad Mürsəliyev İstanbula gedərkən sərhəddə saxlanıldı. Hal-hazırda Qazax Rayon Polis Şöbəsində saxlanılır”.


Azad Mürsəliyev

Bu günlərdə Elşad Abdullayevin qardaşı Elsevər Abdullayev də prokurorluq orqanlarındakı işindən uzaqlaşdırılıb. Virtualaz.org saytı xatırladır ki, Elşad Abdullayev 2011-ci ildən etibarən KİV-də yüksək rütbəli məmurlar əleyhinə kampaniyaya başlamışdı. Siyasi müşahidəçilər sabiq rektorun bu hücumlarının arxasında MTN-in keçmiş rəhbərliyinin dayana biləcəyini təxmin edirdilər. Azərbaycanda E.Abdullayev barədə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsi sabiq rektor barədə həbs-qətimkan tədbiri seçilməsinə dair hökm çıxarıb. O isə ölkəni tərk edərək Fransaya qaçıb və bu ölkəyə sığınıb.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.


Eldar Mahmudov

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının sahibkarlara problemlər yaratması, bəzi hallarda onlardan pul tələb etməsi, sahibkarların boğulması, soyulması, incidilməsi barədə danışaraq, bütün qurumlara bu halların aradan qaldırılması barədə son xəbərdarlıq etmişdi.



Milli Təhlükəsizlik Nazirliyinin ondan çox vəzifəli şəxsi həbs edilib. Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.Həbs edilənlər barəsində artıq 3 aylıq həbs qətimkan tədbiri seçilib.