Ukraynada parlamentin buraxılması ilə məsləhətləşmələr bir neçə saat sonra başlayacaq
Ali Radanın oktyabrın 7-dəki axşam iclası isə bir dəqiqədən də az davam edib

Ukrayna prezidenti Viktor Yuşşenko Ali Radanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məsləhətləşmələri bu gün yerli vaxtla saat 8.00-ə (Bakı vaxtı ilə saat 10-a) təyin edib.
Xatırladaq ki, Viktor Yuşşenko parlamentdə Yuli Timoşenko Bloku və Regionlar Partiyası arasında koalisiyanın yaradılması üçün oktyabrınq 7-i axşam saatlarınadək vaxt vermişdi. O, əks təqdirdə parlamentin buraxılacağını bəyan etmişdi. Ukrayna prezidentinin mətbuat katibi İrina Vannikova bildirib ki, bu barədə teleqramlar Ali Radanın sədri, onun iki müavini və beş parlament fraksiyasının liderlərinə göndərilib.
Ukrayna Ali Radasının oktyabrın 7-də axşam iclası isə bir dəqiqədən də az davam edib. İclasa sədrlik edən aitse-spiker Nikolay Tomenko deputatlara müraciətlə belə deyib: «İki xəbər var. Onlar biri yaxşı, digəri isə pisdir. Yaxşı xəbər ondan ibarətdir ki, parlamentin axşam iclası açıq elan edilir. Pis xəbər isə odur ki, iclas başa çatır». O, iclasın başlamadan təxirə salınmasının səbəblərini açıqlamayıb. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 08.10.2008 01:43

© anspress.com