"Ermənilər hazırda müharibəni təbii sərvətlərə ziyan vurmaqla aparır"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faliyyət dövrü barədə hesabat hazırlayıb
Ermənistan Azərbaycanla apardığı müharibədə total vasitələrdən istifadə edir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 illik hesabatında Ermənistan tərəfindən Tərtər çayının çirkləndirilməsi və işğal altındaki ərazilərin total müharibə vasitəsi kimi qiymətləndirilir. Nazir Hüseyn Bağırovun sözlərinə görə, hazırda Sərsəng su anbarı Ermənistan tərəfindən düşmənçilik məqsədilə istifadə olunur: “Bu dəqiqə əks istiqamətdə istifadə olunur. Qışda nə vaxt yağış qar çox olur açıb buraxılır ki, kəndləri yuyub dağıtsın. Düşmənçiliyin bir metodudur. Bu dəqiqə siz başqa-başqa ölkələrdə müharibə vasitələrinə nəzər salsanız, görəcəksiz ki, təbiətə ziyan onun tərkib hissəsidir”. Hüseyn Bağırov deyib ki, ermənilər indiki mərhələdə müharibəni təbii sərvətlərə ziyan vurmaqla aparır və vurduğu ziyanın müqabilində də layiqli cavabını alacaq: “İstədiyi qədər ərazini tutandan sonra indi başlayıb sülhdən danışmağa. Dünyada təsəvvür yaratmaq istəyirlər ki, hər şey öz qaydasındadır. Ermənistan bunlara görə cavab verməlidir”. “Ermənistan işğal etdiyi torpaqlara sahib olduğundan əmin deyil. Ona görə də, bütün vasitələrdən istifadə edərək, Azərbaycanın torpaqlarını, təbii sərvətlərini düşməncəsinə istismar edir”- deyə Hüseyn Bağırov jurnalistlərə bildirib. Tərtər çayı boyunca yerləşən yaşayış məntəqələrində çay suyundan istifadə qadağan edilib. Buna səbəb son günlər ermənilər tərəfindən çaya zəhərli maddələrin axıdılmasıdır. Çay suyunun 90 faizi istifadəyə yararsızdır. Sərsəng gölü də daxil olmaqla, ətrafdaki su mənbələrindəki çirkab sular Tərtər çayına axıdılır: “Sərsəng su anbari Azərbaycan tərəfindən aran və Aşağı Qarabağ torpaqlarının suvarılması məqsədilə tikilib. Ermənistan tərəfindən qışda anbar açılanda, Azərbaycan kəndləri su altında qalır, yayda isə anbar bağlanır”. H.bağirov bildirib ki, keçən müddət ərzində ölkənin ekoloji durumunun sağlamlaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə, mövcud su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, sənaye-məişət, o cümlədən təhlükəli tullantıların utilizə olunmasının təmini istiqamətində intensiv fəaliyyət göstərilib. Son 5 ildə respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 478 min hektardan 748,4 min hektara çatdırılıb ki, bu da ölkə ərazisinin təqribən 8,7 faizini təşkil edir. Hazırda ölkədə 8 milli park, 12 dövlət təbiət qoruğu, 21 dövlət təbiət yasaqlığı var. Nazirin sözlərinə görə, Cənubi Qafqazda ilk dəfə olaraq, Altıağac milli parkı nəzdində vəhşi təbiətin bərpası və canlıların reabilitasiyası mərkəzi dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində müasir tibbi avadanlıqlarla təchiz edilib və kadrlarla komplektləşdirilib. Hüseyn Bağırov bildirib ki, Azərbaycanda meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqram əsasında 2003-2008-ci illərdə 69,7 min ha meşə bərpa tədbirləri nəzərdə tutulub. Bu proqrama uyğun olaraq, artıq 57,3 min ha sahədə işlər tamamlanıb. Nazirin söylədiyinə görə, Xəzərin çirklənmədən qorunması üçün ümumilikdə gün ərzində 4 070 kubmetr çirkab sutəmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən 27 modul tipli təmizləyici qurğu, nefttutucu, dezinfektor avadanlıqların qurulması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, pIrşağı və Nardaran qəsəbələrində 9 stansiya istismara verilib və bununla da Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi yaradılıb. Hazırda Xəzərin çirklənmədən qorunması prosesi ilə bağlı tədbirlər davam etdirilir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar isə 100 kəndin 50-də müasir standartlara cavab verən modul tipli su təmizləyici qurğular quraşdırılaraq əhalinin istifadəsinə verilib, digər 50 kənddə də sutəmizləyici qurğuların quraşdırılması üzrə işlər tamamlanır. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.10.2008 19:51
© anspress.com
|