19 il əvvəl törətdiyi cinayətə görə təqsirləndirilən Ağcabədi rayon sakininin məhkəməsi başlayıb
Tofiq Rüstəmov 16 il müddətində başqa ad altında yaşayıbmış

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 19 il əvvəl törətdiyi cinayətdə təqsirləndirilən Ağcabədi rayon sakini Tofiq Rüstəmovun məhkəmə baxışı başlayıb. ANS PRESS-in məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına görə, Tofiq Rüstəmov 1981-ci ildə həmyerlisi Əhməd Hüseynovu öldürməyə cəhd etdiyinə görə həbs olunub və 1988-ci ildə azadlığa çıxıb. Elə həmin il ailə həyatı quran Tofiq Rüstəmov bir il sonra həyat yoldaşı Alagöz Rüstəmovanı qısqanclıq zəminində qızları Ceyran və Tərlanın gözləri qarşısında ağır işgəncələr verərək amansızlıqla qətlə yetirib. O, hadisəni törətdikdən sonra rayondan uzaqlaşıb və 1992-ci ildə mal-qara oğurluq üstündə həbs olunub. Tofiq Rüstəmov heç bir sənədinin olmadığını səbəb gətirərək özünü Ermənistanın Spitak şəhərinin sakini Vaqif Kazımov kimi təqdim edib. Həbsindən 3 il sonra azadlığa çıxandan sonra Qaradag rayonunu Qızıldaş qəsəbəsində elə Vaqif Kazımov adı ilə qeydiyyata düşüb və orada yaşamağa başlayıb. Yenidən ailə quran Vaqif Kazımov (Tofiq Rüstəmov) 3 uşaq atasıdır. O, Ağcəbədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu il fevralın 29-da həbs edilib. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 120.2.2, 120.2.10-cu (xuliqanlıq niyyəti ilə təkrarən qəsdən adam öldürmə), 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd), 320-ci (rəsmi sənədləri, möhürləri, ştampları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
T. Rüstəmov verilən ittiham özürə qismən təqsirli olduğunu bildirərək həyat yoldaşı özünü müdafiə edərkən təsadifən öldüyünü bildirib. Məhkəmə prosesi zərərçəkmiş tərəf gəlmədiyindən oktyabrın 14-ə təyin olunub.

Anar Məmmədov /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.10.2008 17:21

© anspress.com