Beynəlxalq Memarlar günü Bakıda ilk dəfə qeyd edilib
Bu gün Azərbaycanda 5 mindən artıq mütəxəssis memarlıq fəaliyyəti ilə məşğuldur və onlardan 420-si Memarlar İttifaqının üzvüdür

Beynəlxalq Memarlar günü Azərbaycanda ilk dəfə təntənəli şəkildə qeyd edilib.Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirmiş, məzarı önünə əklil qoyublar. Mərasim iştirakçıları XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, akademik Mikayıl Hüseynovun da məzarını ziyarət ediblər.

Təntənəli mərasimi açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Memarlar İttifaqının sədri Abbas Ələsgərov bildirib ki, 1948-ci ilin oktyabrında İsveçrənin Lozanna şəhərində Beynəlxalq Memarlar İttifaqı təsis edilib. Artıq 60 ildir ki, dünyanın hər yerində 6 oktyabr - Memarların peşə bayramı kimi qeyd edilir: “Bunu əsas götürərək, biz də ilk dəfə olaraq, həmin bayramı təntənəli şəkildə qeyd etmək qərarına gəldik”.
A.Ələsgərov qeyd edib ki, bu gün Azərbaycanda 5 mindən artıq mütəxəssis memarlıq fəaliyyəti ilə məşğuldur və onlardan 420-si Memarlar İttifaqının üzvüdür. 230-dan çox təşkilat və firma şəhərsalma və memarlıq layihələndirilməsi ilə məşğul olur.
Komitə sədri vurğulayıb ki, son illər respublikamız sürətlə inkişaf edir, həm dövlət, həm də özəl sahədə əsas kapitala külli miqdarda maliyyə vəsaiti yönəldilir.
A.Ələsgərov Beynəlxalq Memarlar günü münasibətilə Beynəlxalq Memarlar İttifaqının prezidenti Luis Koksun və MDB ölkələri memarlar təşkilatları rəhbərlərinin bayram təbriklərini tədbir iştirakçılarına çatdırıb.
Tədbirdə Memarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə 10 nəfər memar təşkilatın fəxri fərmanı ilə mükafatlandırılıb.
Həm yerli, həm də Azərbaycanda layihələri reallaşdırılan xarici memarlar haqqında məlumatı özündə birləşdirən elektron məlumat toplusu tədbir iştirakçılarına təqdim edilib.
Respublikamızın şəhər və rayon mərkəzlərinin gündən-günə gözəlləşməsində əvəzsiz əməyi olan memarları ilk peşə bayramları münasibətilə təbrik edən komitə sədri onlara yaradıcılıq uğurları arzulamış, əmin olduğunu bildirib ki, bundan sonra bu bayram yeni-yeni nailiyyətlərlə qeyd ediləcək./ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.10.2008 00:26

© anspress.com