Finlandiya-Azərbaycan matçı: proqnozlar, fikirlər, ümidlər...
Vaqif Sadıqov: "Azərbaycan milli komandası Avropada öz dəst-xəttilə seçilən komanda olacaq"
Oktyabrın 11-də Azərbaycan milli futbol komandası 2008-ci ildəki son rəsmi matçını keçirəcək. Milli komandamız Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya millisi ilə qaşılaşacaq. Qrupda keçirdiyi ilk iki matçda səfərdə Uels milli komandasına 1-0 hesabı ilə məğlub olan milli komanda ikinci matçında Bakıda zəif Lixtenşteyn futbolçuları ilə heç-heçə 0-0. Oktyabrın 11-də keçiriləcək Finlandiya matçı öncəsi futbol mütəxəssislərinin bu matç barədə fikirlərini öyrəndik. Qurban Qurbanov ("Qarabağ" klubunun baş məşqçisi): Ümumiyyətlə, millinin oyunları son vaxtlar yaxşı təsir bağışlayır, baxmayaraq ki, Uelsə məğlub olduq Lixtenşteyni Bakıda məğlub edə bilmədik. Lakin mənə elə gəlir ki, bir müddət sonra komanda daha yaxşı, daha hazırlıqı olacaq. Finlandiya ilə oyuna, əlbəttə, əminliklə hər hansı bir hesab demək olmaz, ancaq uğurlu nəticə ilə qayıda bilərik. Proqnoz verə bilmərəm... Amma uğurlu nəticə gözləyirəm.
Yunis Hüseynov ("Karvan" klubunun baş məşqçisi): Milli komandamız Finladiyaya qarşı hər zaman yaxşı oyun göstərib. Avropa Çempionatının seçmə mərhələsində onları Bakıda məğlub etmişdik. Rəqib çox güclü hazırlaşır, Finlandiya əvvəl bizimlə oyuna ciddi yanaşmırdı, amma məndə olan məlumata görə, onlar indi çox ciddi hazırlaşırlar. Bizim də Finlandiyaya qarşı oyunumuz həmişə uğurlu alınıb, inanıram ki, bu səfər də uğurlu alınacaq. Hesab edirəm heç-heçə oynamaq mümkündür.
Şahin Diniyev (Milli komandanın keçmiş baş məşqçisi): Azərbaycan milli komandası oturuşmuş heyətə malik olmayan komandadır, ona görə dəqiq bir söz deməkdə çətinlik çəkirəm, hər şey gözləmək olar. Sürpriz də. Lakin oyunun başlanmasından, ilk 15-20 dəqiqədən çox şey asılı olacaq. Əgər bu ölkənin vətandaşı olmasaydıq əlbəttə həmən deyərdik ki, Azərbaycanın qələbəsi və yaxud hər hansı uğuru sual altındadır, amma bu ölkənin vətəndaşı olduğumuz üçün, milli komanda hamımızın olduğu üçün uğurlu nəticəyə ümid edirik. Səmimi deyim ki, proqnoz vermək çox çətindir, hazırda Finlandiya yüksəlişdədir, bunu Almaniya ilə matçda da gördük. Çox yaxşı komanda formalaşdırıblar, biz isə uğursuz nəticələrdən sonra Finlandiyaya gedirik... Baş məşqçinin oyunçu seçiminə də hörmətlə yanaşıram, hər bir məşqçi taktika quranda öz taktikasına uyğun futbolçuları komandaya dəvət edir.
Rasim Kara ("Xəzər-Lənkəran" klubunun baş məşqçisi): Avropa Çempionatının seçmə mərhələsində Finlandiyanı Bakıda məğlub etmişdik. Azərbaycan millisi Finlandiyaya qarşı çox yaxşı oynamışdı, amma indi onlar da bu matça çox ciddi yanaşacaqlar. Azərbaycan üçün çox çətin matç olacaq. Finlandiya millisi fiziki cəhətən güclü komandadır, həm də hündürboylu futbolçulardan qurulub. Təbii ki, mən Azərbaycanın qalib gəlməsini istəyirəm, lakin asan oyun olmayacaq. Lixtenşteynə qarşı çox yaxşı oyun göstərmədik, daha yaxşı oynamaq olardı. Qol vəziyyətləri oldu, amma istifadə edə bilmədilər. Lixtenşteyn matçından dərs çıxarmaq lazımdır. Berti Foqts və köməkçiləri Finlandiyanı yaxşı tanıyırlar, yəqin ki, son matçlarını də izləyiblər, onlar hava toplarında, xüsusilə künc zərbələrində təhlükəli olurlar, belə vəziyyətlərdə çox diqqətli olmaq lazımdır. Amma çox da ümidsiz deyiləm . Yaxşı nəticə əldə etmək mümkündür. Hesaba gəlincə... içimdən uduzmaq gəlmir... məncə matç 1-1 hesabı ilə başa çatacaq.
Vaqif Sadıqov (Milli komandanın keçmiş baş məşqçisi): Çox ağır oyun olacaq. İlk iki oyunda milli komandamız çox da hazırlıqlı oyun göstərmədi, baxmayaraq ki, Uelsdə mübariz komanda gördük, evdə isə səviyyə imkan vermədi Lixtenşteyni məğlub etməyə. Finlandiya ilə matç 2008-ci ildə milli komandanın son rəsmi oyunudur və istiyərdik ki, milli komandamız bu oyuna ciddi hazırlaşaraq, lazım olan futbolu nümayiş etdirsin və lazım olan nəticə ilə Vətənə dönsün. Ağır olsa da. Milli komandaya yeni bir fəlsəfə, yeni ideyalar gəlib. Bunun üçün zamana ehtiyac var. Bu 6 ayda Berti Foqtsdan hər hansı bir möcüzə gözləmək düzgün deyil. Mən hesab edirəm ki, bir müddətdən sonra millimiz stabil oyun göstərəcək və Azərbaycan milli komandası Avropada öz dəst-xəttilə seçilən komanda olacaq. Ən vacibi odur ki, oyundan-oyuna güclü futbol göstərməklə lazım olan nəticəni də əldə edə biləcək.
Ağasəlim Mircavadov (Milli komandanın keçmiş baş məşqçisi): Mən Finlandiya millisinin Almaniya ilə keçirdiyi oyunu izləmişəm, çox gözəl oynayırdılar, qol vəziyyətlərindən yaxşı istifadə edirdilər. Yəqin baş məşqçi və futbolçular da onların axrıncı oyunlarını izləyərək lazım olan hazırlığı görəcək. Hər bir oyunçu baş məşqçinin verdiyi tapşırıqlarla bərabər, öz oyununu oynamalıdır. Uğurlu nəticə əldə etmək üçün hər bir oyunçu hücum haqqında düşünməlidir, əlbəttə müdafiəni də yaddan çıxarmamaq şərtilə. Milli komandadan yaxşı oyun və qələbə istəyirik, bu bizə lazımdır. Mən futbolçulara inanıram! Beləliklə, ANS PRESS-in sorğusunda fikirlərini öyrənidyimiz futbol adamları uğurlu nəticəyə ümid edirlər. Həmişəki kimi... Ümid isə, necə deyərlər, sonda ölür. Təki Azərbaycanda futbol ölməsin!
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 05.10.2008 12:27
© anspress.com
|