İbtidai sinifdə təhsil alan şagirdlər üçün milli kurrikulum proqramı tətbiq ediləcək
Yeni sistem müəllimlərə dərs keçmək baxımından müstəqillik verəcək və şagirdlərdə müstəqil düşüncə tərzi formalaşdıracaq.
Artıq üzümüzə gələn tədris ilindən orta məktəblərdə ibtidai siniflər milli kurrikulum proqramı üzrə təhsil alacaq. Kurrikulum qədim latın dilində «Araba yolu» deməkdir. Dünya təhsil sisteminə inteqrasiya məqsədilə tətbiq olunan bu tədris proqramı müəllimlər və şagirdlər qarşısında yeni tələblər irəli sürür. Məsələn, kurrikulum sistemi şagirdi müxtəlif nəzəri biliklərlə yükləməyi deyil, ona əldə etdiyini həyatda tətbiq etməyi öyrənməyi aşılayır. Bu sistemlə oxuyacaq şagirdlər müstəqil və məntiqi düşünməyi, münasibət bildirməyi, ünsiyyət qurmağı, əməkdaşlıq etməyi bacarmalıdır: Yeni proqrama görə, şagird yaşına uyğun müxtəlif ədəbiyyatlardan, lüğətdən, məlumat xarakterli kitabçalardan faydalanmalıdır. Vəzifələrini yerinə yetirməklə yanaşı, o, özünün və başqalarının hüquqlarına hörmətlə yanaşmalıdır. Qeyd olunan tələblər yerinə yetirilmədiyi halda, onlar növbəti pilləyə buraxılmayacaq. Azad Müəllimlər Birliyinin sədri yeni proqramın tətbiqi, işlənməsi və müzakirəsi ilə bağlı ictimai təşkilat və birliklərin, qeyri-hökumət təşkilatlarının, eləcə də təhsil nazirliyinin birgə əməkdaşlığının vacibliyini də vurğulayır. Onun sözlərinə görə, mütəmadi monitorinqlər keçirmək, tövsiyyələr hazırlamaqla, yeni proqramın tətbiqinin nəticələri dəyərləndirilməlidir. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 08.09.2008 12:09 © anspress.com |