Almaniyanın Hamburq şəhərindəki festival polislə toqquşma ilə nəticələnib
Polis festival iştirakçılarını su şırnaqları ilə qova bilib

Almaniyada növbəti dəfə polislə etirazçılar arasında toqquşma baş verib. Rəsmi məlumatlara əsasən, ölkənin Hamburq şəhərində festival zamanı baş verən iğtişaş nəticəsində ən azı 18 nəfər yaralanıb. Hamburq polisinin verdiyi məlumata əsasən, illik festivalda 8 min insan iştirak edib. Lakin onların içində kiçik bir qrup gözlənilmədən polisə hücum edib. Iğtişaşın miqyası böyüyüb və digər küçələrə də yayılıb. Aksiya iştirakçıları maşınları yandırıb, dükanların vitrinlərini sındırıblar, asayiş keşikçilərinə şüşə qablar və daş atıblar. Polis su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıb.

Hadisə nəticəsində ən azı 11 polisin xəsarət aldığı, 38 nəfərin saxlanıldığı barədə məlumat verilir. Onlardan bəziləri buraxılsa da, 19-u təcridxanaya köçürülüb. Hadisə ilə əlaqədər cinayət işi açılıb. Hamburq şəhəri küçələrində gecə saatlarında iğtişaşların təkrarlanacağından ehtiyat edən polis gücləndirilmiş iş rejiminə keçib. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 08.09.2008 10:58

© anspress.com