MSK-dakı boş yerlər kimə veriləcək?
Mərkəzi Seçki Komissiyasında boş qalan iki yer parlamentdə Böyük Quruluş Partiyasına verilə bilər

Mərkəzi Seçki Komissiyasında (MSK) boş qalan iki yer parlamentdə Böyük Quruluş Partiyasına verilə bilər. Bunu partiyanın sədri Fazil Qəzənfəroğlu «Azadlıq» radiosuna bildirib: «Oktyabrın 1-də Milli Məclisin toplantısında MSK-dakı boş yerlərlə bağlı məsələ müzakirəyə çıxarılacaq. Mənə dedilər ki, bizim müraciətimizə müsbət cavab verəcəklər».
 
Milli Məclisin Mətbuat Xidmətindən isə deyirlər ki, parlamentin ilk iclasının gündəliyi hələlik onlara verilməyib. Bu barədə ictimaiyyətə sentyabrın sonuncu həftəsində məlumat verə bilərlər.
 
Parlamentdə hakim partiyanı təmsil edən Rəbiyyət Aslanova da deyir ki, hələlik gündəliyə MSK-nın tərkibiylə bağlı məsələnin salınıb-salınmadığını bilmir. Amma millət vəkili bu müzakirəni mümkün sayır.
 
2005-ci il parlament seçkilərindən sonra Müsavat Partiyası MSK-da təmsil olunmaqdan imtina etmişdi.
 
MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, seçki komissiyasının tərkibiylə bağlı qərar qəbul etmək Milli Məclisin səlahiyyətindədir. Onun sözlərinə görə, Komissiyada parlamentdə azlıqda qalan partiya üçün bir yer boşdur. Digər boş qalan yerə bitərəf deputatlar nümayəndə təyin etməlidirlər. Amma bu nümayəndə azlıqda olan partiyalarla razılaşdırılmalıdır. A.Sarıyev deyir ki, seçkiyə 15 gün qalmış yeni təyinatlar baş verərsə, bu, MSK-nın iş prinsipinə heç bir xələl gətirməyəcək.

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.09.2008 14:39

© anspress.com