Azərbaycan Dünya Gənclərinin dördüncü məşğulluq sammitinə ev sahibliyi edəcək
YES sammitinin keçirilməsində məqsəd gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal işlərin görülməsini təmin etməkdir

24-27 sentyabr tarixlərində Azərbaycan Dünya Gənclərinin 4-cü Məşğulluq sammitinə (YES) ev sahibliyi edəcək. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Məlumata görə, YES sammitinin keçirilməsində məqsəd gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal işlərin görülməsini təmin etməkdir.

YES-in ilk sammiti 2002-ci ildə, ABŞ-ın 42-ci prezidenti Bill Klinton və Misirin birinci xanımı Süzan Mübarəkin sədrliyi ilə Misir Ərəb Respublikasında, İsgəndəriyyə şəhərində keçirilib. 2-ci sammit 2004-cü ildə Meksikanın paytaxtı Mexikoda, 3-cü sammit 2006-cı ildə, Keniyanın paytaxtı Nayrobidə keçirilib və həmin sammitdə bizim nümayəndə heyətinin təklifi ilə növbəti, 2008-ci il sammitinin Bakıda keçirilməsi qərara alınıb. Bununla da «Yes Azerbaijan 2008» kampaniyasına start verilib.

Bakıda keçiriləcək sammitdə 100-dən artıq ölkədən 600-ə yaxın nümayəndənin iştirakı gözlənilir. Bundan əlavə, sammitdə bir sıra ölkələrin hökumət başçıları, dövlət orqanlarının başçıları, biznes şirkətləri və beynəlxalq təşkilatların olacağı da planlaşdırılır. «YES Azərbaycan 2008» sammitinin təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və «Youth Employment Systems»dir (YES İnc.).

Gənclərin məşğulluq kampaniyası çərçivəsində BMT-nin Minilliyin İnkişaf Məqsədləri təbliğ olunur, gənclərin işsizlik problemləri araşdırılır və inkişafda olan ölkələrin iqtisadiyyatına, təhsil və səhiyyə sahələrinə sərmayələrin qoyulması istiqamətində çağırışlar səsləndirilir və fəaliyyətlər aparılır. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 27.08.2008 13:29

© anspress.com