Futbol üzrə milli komandamız bu gün İranla qarşılaşır
Tehranın «Azadi» stadionunda Bakı vaxtı ilə saat 19:30-da başlayacaq qarşılaşmanı İranlı hakimlər briqadası idarə edəcək
Bu gün A Milli futbol komandamız İran millisi ilə qarşılaşacaq. Tehranın «Azadi» stadionunda Bakı vaxtı ilə saat 19:30-da başlayacaq qarşılaşmanı İranlı hakimlər briqadası idarə edəcək. Baş hakim Hidayət Mombeniyə həmyerliləri Murtuza Kərimi və Rəsul Firuqi yardım edəcək, dördüncü hakim Əlirza Fəqanidir. İran millisi ilə bu gün keçiriləcək qarşılaşma millimizin İran millisi ilə 4-cü qarşılaması olacaq. Daha öncə baş tutan 3 qarşılamanın heç birində millimiz qalib gələ bilməyib. 2002-ci ildə keçirilən qarşılaşmalarda 1:1, 2:2-lik heç-heçə qeydə alınıb, 2005-ci ildə keçirilən növbəti qarşılaşmada isə millimiz 2:1 hesabı ilə məğlub olub (hər üç qarşılaşma səfərdə keçirilib). Bu günku matç həm də millimizin almaniyalı baş məşqçisi Berti Foqtsun başçılığı altında millimizin 4-cü matçı olacaq. Berti Foqtsun başçılığı altında keçirdiyimiz 3 matçda 1 məğlubiyyət , 1 qələbə, 1 heç-heçə əldə etmişik, ilk matçda Bosniya Hersoqovina millisinə 1:0 məğlub olsaq da, 2-ci qarşılaşmada Andorra millisini 1:2 məğlub edən millimiz, daha sonra İslandiya millisi ilə 1:1 oynayıb. Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) rəhbərliyi yaxın ərazilərdə yaşayan soydaşlarımızı stadiona gələrək millimizə dəstək olmağa çağırır. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 27.08.2008 12:34 © anspress.com |