Gələn ildən Azərbaycanda sahibkarlığın inkişafı üzrə yeni proqramın icrasına başlanacaq
Təsdiqlənmək üçün dövlət başçısına təqdim olunmuş proqram iqtisadiyyatın bütün sahələrinin inkişafını əhatə edəcək
Azərbaycan höküməti 2009-2013-cü illəri əhatə edəcək sahibkarlığın inkişafı üzrə dövlət proqramı layihəsini bəyənib. İqtisadi inkişaf nazirliyinin sahibkarlığın inkişafı şöbəsinin müdiri Samir Nuriyevin sözlərinə görə, proqramın nazirlər kabineti səviyəsində müzakirəsi artıq başa çatıb və sənəd təsdiqlənmək üçün prezident aparatına göndərilib. Proqram ayrı-ayrı sahələrə bölünən 6 blokdan ibarətdir. Cənab Nuriyev bildirib ki, sənəd təsdiqlənəndən sonra hər bir sahə üzrə konkret layihə işlənəcək və 5 illik proqramın həyata keçirilməsi üçün tələb olunan vəsaitin ümumi dəyəri bu layihələr hazırlanandan sonra bilinəcək. Sənədə ölkədə biznes-inkubatorların, sənaye şəhərciklərinin yaradılması və xüsusi iqtisadi zonalara dəstək haqqında qaydalar da daxil edilib. Proqrama Almaniyanın texniki əməkdaşlıq cəmiyyəti, Azərbaycan-Amerika ticarət-sənaye palatası, tasis proqramı layihəsi, eləcə də Amerika beynəlxalq inkişaf agentliyinin mütəxəssisləri müsbət rəy verib. Qeyd edək ki, bu Azərbaycanda sahibkarlığın inkişafı üzrə həyata keçiriləcək sayca 3-cü proqram olacaq. İlk 2 proqram kiçik və orta sahibkarlığın inkişafına istiqamətlənmişdi. Sonuncu proqramda isə əsas diqqət regionlarda sahibkarlığın inkişafına yönəldilib. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 21.08.2008 21:44 © anspress.com |