QAT “Qafqaz birliyi” ideyasını pisləyib
Bununla bağlı QAT-ın yaydığı bəyanatda bildirilir ki, bu təşəbbüs Ermənistanın işğalçı və ilhaqçı hərəkətlərinə bəraət qazandırılmasına yönəlib
Qarabağ Azadlıq Təşkilatı (QAT) qonşu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın “Qafqaz birliyi” ideyasını, Azərbaycanı bu birliyə qoşmaq cəhdlərini, həmçinin bu barədə işğalçı Ermənistanla danışıqlar aparmaq niyyətini qətiyyətlə pisləyib. Bu barədə QAT-ın bu gün yaydığı bəyanatda bildirilir. "Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxlayır, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmir və bütün dünyada qondarma “soyqırım” təbliğatını davam etdirir. Belə bir şəraitdə işğalçı və terrorçu Ermənistanın daxil olacağı hər hansı birlikdən söhbət də gedə bilməz". Bəyanatda bildirilir ki, qardaş Türkiyənin birdən-birə işğalçı Ermənistana bu təkliflə kömək əlini uzatması, bu işğalçı rejimi regionun bərabərhüquqlu tərəfdaşına çevirmək cəhdləri heç bir halda müsbət hadisə kimi qiymətləndirilə bilməz: "Ermənistan nə qədər ki, işğalçı və ilhaqçı hərəkətlərindən əl çəkməyibdir, ona Qafqaz birliyində yer yoxdur. Bunu Türkiyənin rəhbərliyi bilməli və arzuolunmayan təkliflərindən geri çəkilməlidir. Qarabağ Azadlıq Təşkilatı bildirir ki, Türkiyə rəhbərliyi Azərbaycanın və özünün maraqlarına uyğun olmayan bu təşəbbüsdən imtina etməlidir. Azərbaycan hakimiyyəti də bu antimilli prosesdən kənara çəkilməlidir: "Biz hadisələrin gedişini diqqətlə izləyir və geniş ictimai qınağın, həmçinin etiraz aksiyalarının təşkilini nəzərdə tuturuq". /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 21.08.2008 18:44 © anspress.com |