Azərbaycan ilk dəfə Ümumdünya Delfi Oyunlarında təmsil olunacaq
Azərbaycanı təmsil edəcək nümayəndəlik 15 nəfərdən ibarətdir və bütövlüklə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən formalaşıb
Bu ilin 19-25 sentyabr tarixlərində Rusiyanın Saratov şəhərində İkinci Ümumdünya Delfi Oyunları keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, oyunlarda Azərbaycan ilk dəfə olaraq təmsil olunacaq. Azərbaycanı təmsil edəcək nümayəndəlik 15 nəfərdən ibarətdir və bütövlüklə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən formalaşıb. Azərbaycanı təmsil edən gənclər və yeniyetmələr öz yaradıcı məharətini xalq ifası, xalq rəqsi, skripka, fortepiano, kulinariya və rəsm nominasiyaları üzrə nümayış etdirəcəklər. Sözügedən oyunlarda dünyanın altı kontinenti təmsil olunacaq və bu oyunlarda üç mindən artıq gəncin iştirakı gözlənilir. Delfi Oyunlarının əsas ideyası – mədəniyyətin təbliği və gənc istedadların qabiliyyətinin nümayişi üçün beynəlxalq platformaların yaradılmasıdır. İkinci Ümumdünya Delfi Oyunları YUNESKO-nun himayəsi altında keçirilməsi ilə yanaşı Avropa Şurasının rəsmi dəstəyinə layiq görülüb. ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 20.08.2008 18:04 © anspress.com |