Hüquq-mühafizə orqanları qiymət artımına qarşı mübarizə aparmalıdırmı?
Millət vəkilləri hesab edir ki, bu, iş adamları üçün əlavə problemlər yarada və hüquq-mühafizə orqanlarının vəziyyətdən sui-istifadəsinə yol aça bilər
Azərbaycanda vətəndaşların daha çox istifadə etdiyi əsas istehlak mallarının qiymət artımına qarşı mübarizədə Rusiya təcrübəsindən istifadə olunması məqsədəuyğun deyil. Bunu ANS PRESS-ə açıqlamasında iqtisadçı-ekspert, Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Vahid Əhmədov deyib. Onun sözlərinə görə, iqtisadiyyatımız liberallaşıb və bazarda qiymətlər alıcı ilə satıcı arasında tənzimlənir. Bu baxımdan, məsələ hüquq-mühafizə orqanlarının müdaxiləsi yolverilməzdir. Xatırladaq ki, Rusiyanın Baş prokurorluğu mühüm sosial-iqtisadi əhşəmiyyət kəsb edən məhsulların qiymətinin artırılmasını araşdıracaq. Baş prokuror Yuri Çaykanın təşhəbbüsü ilə əlavə qazanca xidmət edən qiymət razılaşması və birja möhtəkinliyi ilə mübarizə aparmaq üçün qrup yaradılıb. Vahid Əhmədov isə hesab edir ki, İqtisadi İnkişaf Nazirliyində istehlaka nəzarətlə məşğul olan xüsusi qurum var və gündəlik tələbat mallarında qiymət artımına nəzarəti o həyata keçirməlidir. İqtisadçı-ekspertin sözlərinə görə, qiymət artımı daha çox inhisarda olan mallarda müşahidə olunur: «Qiymət razılaşması liberal iqtisadiyyat üçün tez-tez rast gəlinən haldır. Bu, Azərbaycanda da var. Məsələn, bazarlarda və mağazalarda qiymətlər arasında o qədər də fərq yoxdur. Çünki qiymətləri müəyyən edən topdansatış bazaları var. Onlar isə müəyyən qrupların, məmurların və s. nəzarətindədir». Bununla belə Vahid Əhmədovun fikrincə, qəymətlərə nəzarət mütləq olmalıdır. Amma bu nəzarəti hüquq-mühafizə orqanları yox, iqtisadi bloklar həyata keçirməlidir. Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komissiyasının üzvü Qüdrət Həsənquliyev də deyir ki, hüquq-mühafiə orqanlarına qiymətlərə müdaxilə imkanı verən qanun dəyişikliyinə ehtiyac yoxdur. Çünki, bununla iş adamlarının əlavə yoxlamalara məruz qalmasına, eləcə də sui-istifadə hallarına şərait yaranmış olar: «Problem hüquq-mühafizə orqanları vasitəsilə yox, sırf iqtisadi vasitələrlə həll olunmalıdır. İqtisadi məsələlərdə şəffaflıq tam təmin olunmalı, Azərbaycanın istehlak bazarı, xüsusilə kənd təsərrüfatı bazarı qorunmalıdır. Yerli fermerlər tərəfindən istehsal olunan malların xaricdən gətirilməsinə müəyyən məhdudiyyətlər qoyulmalıdır. Fermerlərə subsidiyalar verilməlidir və bu vəsait kiçik həcmli olmamalıdır. Çünki fermerlər kiçik həcmli subsidiyalarla kənd təsərrüfatını inkişaf etdirə bilmir. Həmin vəsaitlər aşağı faizlə verildiyinə görə, onlar bu vəsaiti götürür və özlərinin məişət probelmlərinin həlli üçün sərf edirlər». Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycan hökuməti iqtisadi yollardan yararlanmaqla süni qiymət artımının qarşısını ala bilər. Onun fikrincə, inzibati üsullarla iqtisadi probelmləri həll etmək mümkün deyil. Mahir Məmmədli /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 25.07.2008 13:34
© anspress.com
|