Dünya birjalarında neftin və qızılın qiyməti ucuzlaşıb
Neftin qiymətinin aşağı düşməsi neft şirkətlərinin səhmlərini də ucuzlaşdırıb

Dünya bazarında neftin və qızılın qiyməti kəskin ucuzlaşıb. Ötən gün keçirilən hərraclarda neftin bir barelinin qiyməti 124 dollar 44 sentə düşüb ki, bu da son ay yarımda ən aşağı həddir. Ümumilikdə son 10 gün ərzində neftin bir bareli 25 dollara qədər və ya 15 faiz ucuzlaşıb. Birləşmiş Ştatlarda iqtisadi vəziyyətə dair hesabatlardan məlum olub ki, ölkədə iqtisadi problemlər bundan sonra da davam edəcək və neftə də tələbat az olacaq. Neftin qiymətinin aşağı düşməsi neft şirkətlərinin səhmlərini də ucuzlaşdırıb. Əvəzində indiyədək bahalı neftdən əziyət çəkən nəqliyyat şirkətlərinin səhmləri bahalaşıb. Aviasiya şirkətlərinin qiymətli kağızları orta hesabla 6-7 faiz bahalaşıb. Neftin ucuzlaşmasından fərqli olaraq dollar bahalaşıb. İndi 1 avro 1 dollar 56 sentə dəyişdirilir. Dolların bahalaşması qiymətli metalların ucuzlaşmasına səbəb olub. Qızılın 31 qramı bir neçə gün əvvəlki 974 dollardan 924 dollara qədər uculaşıb. Birjalarda qızılın qramı 30 dollardan da aşağı satılır. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 19:20

© anspress.com