İki şahmatçımız Qran-pri turnirinin ikinci mərhələ yarışlarına hazırlaşır
Mükafat fondu 300 min avro olan turnirdə 14 şahmatçı dairəvi sistem üzrə yarışacaq

Zəka ustalarımız, beynəlxalq qrossmeysterlər Vüqar Həşimov və Teymur Rəcəbov Qran-pri turnirinin ikinci mərhələ yarışlarına hazırlaşırlar. Beynəlxalq Şahmat Federasiyasının təşkil edəcəyi yarış iyulun 31-də Rusiyanın Soçi şəhərində start götürəcək.

Mükafat fondu 300 min avro olan turnirdə 14 şahmatçı dairəvi sistem üzrə yarışacaq. Həmyerlilərimizlə yanaşı, qələbə uğrunda Ukrayna qrossmeysterləri Vasili İvançuk, Sergey Karyakin, Rusiyadan Pyotr Svidler, Aleksandr Qrişuk, Dmitri Yakovenko, Amerika Birləşmiş Ştatlarından Qata Kamski, İsraildən Boris Gelfand, Ermənistandan Levon Aronyan və başqaları mübarizə aparacaq. Soçi qran-prisinin qalibinin kimliyi avqustun 14-də məlum olacaq.

Xatırladaq ki, qran-pri turnirinin ilk mərhələsi bu ilin yazında Bakıda keçirilib. Həmin yarışın qalibi adını beynəlxalq qrossmeyster Vüqar Həşimov qazanıb. Teymur Rəcəbov isə Bakı qran-prisində 8-10-cu yerləri bölüşdürüb. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 16:28

© anspress.com