Aqil Xəlil ölkəni tərk edə bilib
Bu gecə jurnalist Amerika səfirinin həyat yoldaşının müşayiətilə hava limanına gəlib, qeydiyyatdan keçib və təyyarəyə əyləşib

İyulun 24-nə keçən gecə «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil ölkəni tərk edə bilib. O, «Sərhədsiz reportyorlar» beynəlxalq jurnalist təşkilatının xüsusi dəvəti ilə Fransaya yola düşüb.
«Azadlıq» qəzetinin direktoru Azər Əhmədovun ANS PRESS-ə verdiyi məlumata görə, onun ölkədən getməsi hazırda Avropa Birliyinə sədrlik edən Fransanın, eləcə də ABŞ-ın Bakıdakı səfirliklərinin səyləri nəticəsində mümkün olub. Jurnalistin bu ilin fevralında döyülməsi və mart ayında bıçaqlanması işlərinin istintaqını aparan Respublika Prokurorluğu indiyəcən bir neçə dəfə A.Xəlilin Azərbaycanı tərk etməsinə mane olub". A.Əhmədovun sözlərinə görə, A.Xəlili iyulun 22-də Bakını tərk etmək istəyərkən də hava limanından geri qaytarıblar. Lakin onu qoruyan Çevik Polis Alayının əməkdaşları jurnalisti həbs etməyə imkan verməyiblər. Növbəti gün xarici diplomatlar baş verənlərə müdaxilə etdikdən sonra A.Xəlilin məsələsi ən yüksək səviyyədə müzakirə olunub. Nəhayət, iyulun 24-nə keçən gecə jurnalist Amerika səfirinin həyat yoldaşının müşayiəti ilə yenidən hava limanına gəlib, qeydiyyatdan keçib və təyyarəyə əyləşib».

Xatırladaq ki, A.Xəlil fevralın 22-də 6-cı mikrorayondakı Zeytun bağında döyülüb. Reportyor bildirib ki, həmin vaxt bağda torpaq sahəsinin satılması üzrə sözləşmə anını fotokameraya çəkirmiş. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi və Binəqədi Rayon Prokurorluğu təhqiqat aparıb. Martın 13-ü A.Xəlil işdən evə gedərkən Bakı Apellyasiya Məhkəməsinin binası yaxınılığında hücuma məruz qalıb və döş qəfəsindən bıçaq zərbəsi alıb. Bu hücumla bağlı qaldırılmış cinayət işi sonradan A.Xəlilin Zeytun bağında döyülməsi faktı ilə eyni icaraatda birləşdirilib və Respublika Prokorurluğuna verilib.

Gülnaz Qənbərli /ANSPRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.07.2008 16:27

© anspress.com