«İnter» UEFA Çempionlar Liqasının növbəti mərhələsinə çıxdı
Bu mərhələdə komandamız Serbiyanın «Partizan» klubu ilə qarşılaşacaq
Bakının «İnter» klubu UEFA Çempionlar Liqasının cavab qarşılaşmasında səfərdə Makedoniyanın «Rabotniçki» komandası ilə qarşılaşıb. Oyunun əvvəlincə futbolçularımız təşəbbüsü ələ alıb. Qarşılaşmada ilk təhlükəli zərbə də «İnter»dən gəlib. Mahmud Qurbanovun zərbəsində sonra top qapıdan azca aralı keçib. Birinci hissənin ortalarından sonra «Rabotniçki»Nin oyunçuları da fəallaşıb. Lakin ilk 45 dəqiqə ərzində komandalardan heç biri fərqlənə bilməyib. İkinci hissənin ilk hücumunda isə «Rabotniçki» hesabı açıb. Osmaninin ötürməsindən sonra Velkoski topu «İnter»in qapısından keçirib. Bundan 29 dəqiqə sonra isə «İnter» hesabı bərabərləşdirməyə imkan tapıb. Qolu Bronislav Çervenka vurub. Oyunun son 15 dəqiqəsi ərzində «Rabotniçki» onu turnirdən kənarda qoyacaq heç-heçədən qurtulmağa çalışsa da, bu, baş verməyib. Qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə isə İsrailli hakim Asaf Kenan bir-birinin ardınca iki qırmızı vərəqə göstərib. Rəqib Futbolçu Krstevski oyunçumuza qarşı yolverilməz fəndə görə meydançadan qovulub. «İnter»in oyunçusu Volter Quqlemon isə rəqib futbolçu ilə mübahisə edib və hakim ona da qırmızı vərəqə göstərib. Beləliklə, heç-heçə hesabı qorumağı bacaran «İnter», Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb. Onu bu mərhələdə Serbiyanın «Partizan» klubu gözləyir. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 22.07.2008 22:31
© anspress.com
|