«Ermənistan hazırkı rejim üzündən beynəlxalq arenada həmişə güzəştə getməli olacaq»
Bu sözləri Ermənistanın Xalq partiyasının idarə heyətinin katibi Qriqor Arutyunyan deyib
«Ermənistan hakimiyyətinin qeyri-qanuni fəaliyyəti üzündən beynəlxalq arenada İrəvan həmişə güzəştə getməli olacaq». Bu sözləri dünən İrəvanda keçirilən mitinqdə Ermənistanın Xalq partiyası idarə heyətinin katibi Qriqor Arutyunyan deyib. Onun sözlərinə görə, hakimiyyətdə qanun pozuntularının olması Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq haqqında memorondumun imzalanması və AŞPA-nın Azərbaycan haqqında 1614 nömrəli qətnaməsinin möhkəmləndirilməsi kimi qərarlar Ermənistanın xarici siyasətdə məğlubiyyəti ilə nəticələnir. «Biz artıq 10 ildir ki, hakim rejimdə olan qanun pozuntularının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Ermənistanın böyük məğlubiyyə tə düçar edəcəyini deyirik. Biz bunu demək olar ki, hər gün görürük», deyə Qriqor Arutyunyan deyib. Müxalifətin «İrs» partiyasının və Mərkəzi Seçki Komissiyasının üzvü Zoya Tadevosyan çıxışında qeyd edib ki, 1 mart hadisələrindən sonra ölkədə müxalifətlə hakimiyyət arasında mübarizə yoxdur. «Martın 1-dən bu yana bir tərəfdə xalqı talamaqla məşğul olan rüşvətxor hakimiyyət, digər tərəfdə isə azadlıq və ədalətə can atan ictimaiyyət durur». Mitinqdə həmçinin ABŞ, Rusiya və bir sıra başqa ölkələrdə fəaliyyət göstərən erməni ictimai təşkilatlarının bəyannamələri də səslənib. Onlar bəyanatlarında müxalifət lideri Levon Ter- Petrosyana dəstək verdiklərini bildiriblər. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 05.07.2008 14:08
© anspress.com
|