Azərbaycan hakimləri Ermənistanda keçiriləcək toplantıda iştirakdan imtina ediblər
Sentyabr ayında Ermənistanın paytaxtı İrəvanda Beynəlxalq Hakimlər Assosiasiyasının toplantısı keçiriləcək

Bu gün Ümumrespublika Məhkəmə Hakimləri ictimai birliyinin toplantısı keçirilib. ANS PRESS-in məlumatına görə, toplantıya ilk olaraq ictimai birliyin idarə heyəti və yeni sədrinin seçilməsi müzakirəyə çıxarılıb.Toplantıda eyni zamanda, idarə heyəti üzvlərinin sayının 9 nəfərə çatdırılması təklif olunub. Hakimlərin iştirakı ilə keçirilən səsvermədə 9 nəfərlik idarə heyəti seçilib. Yasamal rayon Məhkəməsinin sədri Ələddin Cəfərov isə Ümumrespublika Məhkəmə Hakimləri ictimai birliyinin sədri seçilib.

Toplantıda İnzibati Prossesual Məcəlləyə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Məcəlləyə ictimai birlik tərəfindən olunan təkliflər diqqətə çatdırılıb və 6 nəfərlik işçi qrup yaradılıb. İclasda məhkəmələrin elektron məlumat bazasının yaradılması təklif olunub. Məhkəmələrə daxil olan işlərin, onların icraata verilməsi, baxılması, işlərə baxılmasına nəzarət, qərarlardan apellyasiya və kasasiya instansiyalarına şikayətlərlə bağlı məlumatlar elektron bazasında toplanacaq.

Ələddin Cəfərob bildirib ki, ictimai birlik Beynəlxalaq Hakimlər Assosiasiyasına daxil olmaq üçün 2006-cı ildə həmin quruma müraciət olunub. Onun sözlərinə görə, bu il müraciətə cavab olaraq bildirilib ki, sentyabr ayında Ermənistanın paytaxtı İrəvanda Beynəlxalq Hakimlər Assosiasiyasının toplantısı keçiriləcək. Həmin toplantıya Azərbaycan hakimlərinin müşahidəçi qismində dəvət olunduğunu deyən Ə. Cəfərov orada iştirak etməyəcəklərini bildirib.

Bu ilin oktyabr-noyabr aylarında Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin məhkəmə hakimləri ictimai birliklərinin toplantısı olacaq. Azərbaycan Ümumrespublika Məhkəmə Hakimləri ictimai birliyinin üzvləri həmin toplantıda iştirak edəcəklər.

Anar Məmmədov /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 05.07.2008 13:24

© anspress.com