Prezident İlham Əliyev Qazaxıstana yola düşüb
Dövlət başçısı Qazaxıstan paytaxtı Astananın 10 illiyi ilə bağlı təntənəli tədbirlərdə iştirak etmək üçün gedib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astananın 10 illiyi ilə bağlı təntənəli tədbirlərdə iştirak etmək üçün bu gün Qazaxıstana yola düşüb. AzərTAc-ın məlumatına görə, dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev yola salıblar.

Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev, Tacikistan prezidenti Emomali Rahmon, Ermənistan prezidenti Serj Sarkisyan, Gürcüstan prezidenti Mixail Saakaşvili, İordaniya kralı II Abdullanın da Astanaya gəlməsi gözlənilir.

Paytaxtda təşkil olunacaq təntənəli mərasim prezident Nursultan Nazarbayevin çıxışı ilə başlayacaq. Daha sonra digər dövlət başçılarının çıxışları nəzərdə tutulub. Bayram tədbirləri çərçivəsində müxtəlif ölkələrdən olan incəsənət ustalarının iştirakı ilə qala-konsert keçirilməsi nəzərdə tutulub. Sabah isə Astanaya toplaşan dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 05.07.2008 13:14

© anspress.com