Avstraliyalı futbolçu Harri Kyuell artıq İstanbuldadır
Kyuell : “Əli Samiyən stadionunda futbol oynayacağım üçün çox həyəcanlıyam”

"Qalatasaray" komandasının "Liverpul"dan transfer etdiyi avstraliyalı ulduz Harri Kyuellin  çox zəngin karyerası qalatasaraylılarda böyük həyəcan yaradıb. Primyer Liqadakı ən qabiliyyətli futbolçulardan sayılan avstraliyalı ulduz, 2000-ci ildə İngiltərədə “İlin gənc futbolçusu” mükafatına layiq görülmüşdü. Sol cinahdakı sürətli oyununa görə Rayan Giqqsə bənzədilirdi. Amma biri İstanbuldakı Çempionlar Liqası finalında olmaqla iki dəfə ciddi zədələnən Harri Kyuell bir müddət uğursuzluğa düçar olmuşdu. Cim Bomun Roma, "Spartak Moskva" ilə rəqabət edərək transfer etdiyi Kewell son 3 sezonda zədələrlə mübarizə aparmasına baxmayaraq 274 Primyer Liqa matçında vurduğu 57 qolla hər futbolçuya nəsib olmayan nəticə əldə etdi.

Hələ 17 yaşında olarkən Avstraliya millisində oynayan Harri Kyuell burda da rekorda imza atıb. 17 yaşından sadəcə 6 ay keçmiş, Çiliyə qarşı meydana çıxan ulduz futbolçu, ölkə tarixinin ən gənc futbolçusu adını daşıyır. Kyuell 2006-ci il Dünya Çempionatı qrup oyununda Xorvatiyaya vurduğu qolla komandasının tarixində ilk dəfə olaraq ikinci mərhələyə çıxmasını təmin etmişdi.

Harri Kyuellin yetişdiyi komanda olan "Lids Yunayted"-in azarkeşləri ulduz futbolçunun "Qalatsaray"a transfer olunmasını böyük etirazla qarşıladılar. Forumlarda iki ingilis azarkeşin öldürülməsini xatırladan fanatlar bunu heç cür qəbul edə bilmədiklərini bildirərək, Kyuell-ə “Sən onsuz da pulu sevirsən” deyə etirazlarını bildiriblər. Kewell, Lids Yunayted – Qalatasaray Uefa kuboku oyununda qırmızı vərəqə ilə cəzalandırılmışdı.

Harri Kyuell özü isə, “yeni bir başlanğıc və yeni bir mübarizə istəyirəm, onun üçün burdayam. Türk futbolu çox yüksəlişdədir, Türkiyə liqası da həmçinin. Türk Milli komandası çox böyük işlər görüb. Türkiyədə futbolun nə qədər önəmli olduğunu bilirəm. Əli Samiyən stadionunda futbol oynayacağım üçün çox həyəcanlıyam” deyə açıqlama verib.

Harri
Kyuell:

Doğum tarixi: 22 Sentyabr 1978
Doğum yeri: Avstraliya
Boy: 1.82 Çəki: 74
Oynadığı Mövqe: Yarımmüdafiənin Sol cinahı / Hücum
Karyerası: 274 matç / 57 qol
Milli Komanda: 36 matç / 11 qol

Oynadığı Komandalar:
"Lids Yunayted"........ 1995-2003

"Liverpul".................. 2003-2008

Elvin Rəsul/ANSPRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 05.07.2008 12:39

© anspress.com