Ermənistanda ölkə müxalifətinin razılaşdırılmamış mitinqi baş tutub
Nümayişdə 30 minə yaxın insan iştirak edib

Ermənistanın paytaxtı İrəvanın mərkəzində «Matenadaran» meydanında ölkə müxalifətinin razılaşdırılmamış mitinqi baş tutub. Mitinq ərəfəsində polis meydanı kardonlarla əhatəyə alıb. Etiraz aksiyasının təşkilatçılarının sözlərinə görə, nümayişdə 30 minə yaxın insan iştirak edib. Hakimiyyət orqanları isə, bu rəqəmin 5 minə yaxın olduğunu bildirib.
Mininqdə çıxış edən müxalifətin lideri Levon Ter-Petrosyan bir daha Ermənistan hakimiyyətindən, martın 1-də keçirilmiş etiraz aksiyası zamanı həbs olunan tərəfdarlarının, eləcə də həbs edilmiş bir sıra yüksək çinli məmurların azadlığa buraxılmasını tələb edib. O, həmçinin təkrar prezident və parlament seçkisinin keçirilməsi ilə bağlı tələbini bir daha səsləndirib. Bundan başqa, Ter-Petrosyan ölkə prezidenti Serj Sarkisyanın müxalifətin tələblərini yerinə yetirsə, növbədənkənar prezident seçkisində onun rəqibi olacağını bildirib.

Ermənistan müxalifətinin lideri Levon Ter-Petrosyan ölkədə diktaturanın qurulacağından narahatlığını dilə gətirərək, ümumxalq hərəkatının bu gündən etibarən mübarizə taktikasını dəyişdirəcəyini bəyan edib. Onun sözlərinə görə, müxalifət maksimum səfərbərliyə nail olmaq üçün avqustun 1-də böyük mitinq keçirəcək. Həmin vaxtadək isə davamlı etiraz aksiyaları təşkil edəcəklər./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 05.07.2008 10:17

© anspress.com