Azərbaycan Ukraynadan taxıl almaq istəyir
Bu məsələ iyulun 8-də Kiyevdə keçiriləcək biznes forumda müzakirə olunacaq

Bu il ölkənin taxıl zəmilərindən 2 milyon 300 min ton taxılın yığılması gözlənilir. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri bu qənaətə biçin prosesində indiyədək əldə olunan rəqəmləri analiz edərək gəliblər. Nazirliyin şöbə müdiri Sabir Vəliyev ANS-ə bildirib ki, indiyədək taxıl əkini sahələrinin təqribən 54 %-i biçilib və 1 milyon 202 min ton taxıl yığılıb. Çatışmayan taxılı isə Azərbaycan xaricdən alacaq və taxıl alınan  ölkələrin sırasına Ukrayna da qoşulacaq.
Qazaxıstan isə 2008-ci ildə Azərbaycgana nə qədər ərzaq taxılı satılacağını dəqiqləşdirir. Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbekov bildirib ki, Azərbaycana göndərilə biləcək taxılın həcmi yalnız bu ilin məhsulu tam yığılandan sonra, yəni təqribən sentyabrda məlum olacaq.
Xatırladaq ki, azərbaycan özünün taxıla olan ehtiyacını ödəmək üçün hər il xaricdən 1 milyon tona qədər taxıl alır. Bunun böyük hissəsi Rusiya və Qazaxıstandan gəlir. Bu il isə Bakı taxıl alınan ölkələrin sırasını genişləndirmək istəyir və indi Azərbaycan üçün taxıl Ukraynadan da alına bilər. Belə ki, iyulun 8-də Kiyevdə kiçik biznesin inkişafı üzrə işçi qrupun iclası keçiriləcək. Bu tədbirdə Ukraynadan Azərbaycana taxıl satışı da müzakirə olunacaq. İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Samir Nuriyev ANS-ə bildirib ki, bunun üçün biznes forumda Azərbaycanda taxıl və un biznesi ilə məşğul olan 4-5 şirkətin nümayəndələri də iştirak edəcək.
Qeyd edək ki, 2008-ci ildə Ukraynadan Azərbaycana taxıl satılmasının mümkünlüyünü MDB ölkələrinin baş nazirlərinin maydakı görüşü zamanı bu ölkənin baş naziri Yuliya Timoşenko Azərbaycanlı həmkarı Artur Rasizadəyə bildirmişdi. Samir Nuriyevin sözlərinə görə, taxılın yeni bir ölkədən də alınması azərbaycan üçün sərfəlidir. Bu təklif Azərbaycanda Taxıl Fondunun yaranması baxımından da maraqlıdır. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 04.07.2008 21:50

© anspress.com