“Torpaqlarımızı güc yolu ilə azad etməyimiz istisna deyil”
Müdafiə naziri Səfər Əbiyev bu bəyanatla Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqlə görüşdə çıxış edib

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ölkəmizdə səfərdə olan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq ilə görüşüb. Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Səfər Əbiyev Azərbaycan ilə Çexiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, son illər müxtəlif istiqamətlərdə həyata keçirilən birgə layihələr artıq öz səmərəsini verməkdədir. Hərbi əməkdaşlığın qurulması sahəsində də uğurlu işlər aparılır.

Səfər Əbiyev Azərbaycanın Avropa strukturlarına inteqrasiyasının perspektivlərindən danışmış, regionda mövcud hərbi-siyasi durum barədə qonağa məlumat verib. Nazir bildirib ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan silahlı bölmələri tərəfindən işğal edilib, 1 milyondan artıq günahsız insan öz doğma yurd-yuvasından didərgin düşüb. İndiyədək Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli istiqamətində beynəlxalq qurumların göstərdikləri səylər konkret nəticə vermir. Bir sıra hallarda isə ərazisi işğal edilmiş Azərbaycan ikili standartlarla qarşılaşır. Azərbaycanın bundan ciddi narahatlıq keçirdiyini çexiyalı qonağın diqqətinə çatdıran nazir Səfər Əbiyev qeyd edib ki, belə vəziyyətlə uzun zaman barışmaq mümkün deyildir. Sülh danışıqlarının nəticə vermədiyi halda torpaqlarımızın güc yolu ilə azad edilməsini istisna edə bilmərik.
Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq görüş zamanı regiondakı mövcud vəziyyətə münasibətini bildirib, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 04.07.2008 22:27

© anspress.com