Milli Məclis Fransa səfirliyindən narazıdır
Deputatlar bu ölkə səfirliyinin Azərbaycana qarşı hörmətsizlik etdiyini deyir

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib. İclasda bir neçə qanuna əlavə və dəyişikliklər müzakirə edilərək qəbul olunub. Azərbaycanla Qətər, Litva və Moldova arasında bir sıra sahələrdə əməkdaşlığa dair saziş layihələri ratifikasiya olunub. Konstitusiya Məhkəməsi, məhkəmə və hakimlər haqında qanunlara, torpaq məcəlləsinə əlavə və dəyişikliklər də olub.
Cari məsələlərin müzakirəsi zamanı isə bir sıra millət vəkilləri iyulun 22-də Milli Mətbuat günü ərəfəsində həbsdə olan jurnalistlərin əfvi ilə bağlı Milli Məclis adından prezident İlham Əliyevə müraciət edilməsi təklifi ilə çıxış ediblər.

Bugünkü iclasda Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasına Fransa səfirliyi tərəfindən viza verilməməsi məsələsi də diqqət mərkəzində olub. Deputatlar bunun araşdırılmasını təklif ediblər. Spiker Oqtay Əsədov isə hazırda Xarici İşlər Nazirliyinin bir sıra ölkələrlə gediş-gəlişin sadələşdirilməsi ilə bağlı danışıqlar apardığını deyib.

Təhsil haqında qanun layihəsinin müzakirəsi isə artıq payız sessiyasına qalıb./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 04.07.2008 15:37

© anspress.com