Bakıda 400 min nəfərə bir kitab mağazası düşür (FOTOSESSİYA)
Bakıda təxminən 150-ə yaxın kitab mağazası olub, bu gün isə onların sayı təqribən 8-dir
Sovet İttifaqı vaxtında Bakıda təxminən 150-ə yaxın kitab mağazası olub. Bu gün isə onların sayı təqribən 8-dir: 1. Bakı Sovetində, Sabir bağı ilə üzbəüz yerləşən, Milli Elmlər Akademiyasına məxsus “Akademik kitab” mağazası 2. N. Gəncəvi adına muzeyin 1-ci mərtəbəsində yerləşən Milli Elmlər Akademiyasına məxsus “Akademiya kitab mərkəzi” 3. Qız qalasının yanında kitab mağazası, 4. 3-cü mikrorayonda “Dostum” kitab mağazası 5. “Bukinist” mağazası 6. Fəvvarələr meydanındakı “Əli və Nino” 7. Fəvvarələr meydanında Prezident Aparatına məxsus “Kitab Evi” 8. Puşkin küçəsində “Əl Huda” kitab mağazası. Bəzən bu kitab mağazalari iri reklamlı ticarət mərkəzlərinin yanında elə itirlər ki, heç gözə də dəymirlər. Bakıda hazırda 3 milyona yaxın adamın yaşadığını nəzərə alsaq, təqribən 400 min nəfərə bir kitab mağazası düşür. Əlbəttə, 150 rəqəminin yanında 8 çox cılızdır. Görəsən, bu cılızlıq azərbaycanlı oxucuların azlığı, yoxsa kitab biznesinin gəlirsizliyi ilə bağlıdır? “Kitab klubu” MMC-nin 2004-2006-cı illərdə 2000 respondent arasında keçirdiyi sorğuda respondentlərə cəmi bir sual verilib: “Son 1 ildə kitab oxumusunuzmu?”. Rəyi soruşulan 2000-nəfərin cəmi 10 faizi bu suala müsbət cavab verib. Amma “Kitab klubu”nun rəhbəri Elxan Rzayev hesab edir ki, kitab bazarı bəlkə də göründüyü kimi az deyil. Belə ki, rəyi soruşulanların böyük hissəsi bildirib ki, əgər kitabı evə, yaxud da işə gətirsəydilər, məmnuniyyətlə oxuyardılar. Baş çəkdiyimiz bir sıra kitab mağazalarında əhalinin rəyini biz də öyrənməyə çalışdıq. Oxucular qiymətlərin baha olmasından, yaxud da axtardıqları kitabı tapa bilməmələrindən şikayətləndilər. Elxan Rzayevin sözlərinə görə, kitabı əsasən bir qədər oturuşmuş cəmiyyətlərdə daha çox oxuyurlar. Müəyyən keçid olan, iqtisadi münasibətlərin dəyişdiyi, insanların daha çox öz yaşayışlarını təmin etmək uğrunda mübarizə aparmağa başladıqları bir vaxtda kitab az oxunur. Çünki insanın gündəlik həyatında problemlərdən vaxt qalmır. Bu mənada oxucuların azalmasında müəyyən iqtisadi və keçid dövrünün təsirləri var. Amma müəyyən mənada istehlakçı bazarı qalır. Sadəcə olaraq işi qurmaq lazımdır. Azərbaycanda bu bazar kiçik olduğu üçün obyektiv olaraq ölkədə çap edilən kitabın orta tirajı çox aşağı olur. Məsələn, ölkədə orta tiraj 500 nüsxədir. Bu isə kitabın maya dəyərinin qalxmasına səbəb olur. Qiymətin yüksək olması da bazarda alıcılıq qabiliyyətinə bir qədər də mənfi təsir göstərir. İkinci məslə isə bundan ibarətdir ki, Azərbaycandakı nəşriyyatların 90 faizi sifarişə işləyir. Yəni müəllif əlyazmasını nəşriyyata verir, bütün xərcləri cibindən ödəyir, nəşriyyat da bütün kitabları nəşr etdirir və qaytarır sifarişçiyə ki, necə satarsan satarsan. O da bir hissəsini dost-tanışa bağışlayır, bir hissəsini kitab mağazalarına verir. Bir hissəsini da evdə və yaxud da qarajda saxlayır. 1. Bazarda olan tələbata uyğun məhsul buraxmaq. 2. İstehlakçını yaratmaq yolu. Yəni elə tədbirlər görmək lazımdır ki, artıq mövcud olan məhsula, bazarda tələbat yaransın. Reklam vermək, təbliğat aparmaq və s. Azərbaycanda kitab satışının qurulması, reklam olunmaması məhz kitab oxuyanların sayının azalmasının səbəblərindən biridir. Bu gün belə internet saytlarından kitab sifariş verən, yaxud da internet vasitəsilə hansısa kitabı öz kompüterinə yükləyənlərin sayı az deyil. Bu, bəlkə də tələb olunan kitabların mağazalardan tapılmaması üzündən və yaxud yeni nəslin hər şeyi kompüter vasitəsilə əldə etmək istəyindəndir. Qeyd edək ki, xaricdən kitab sifariş verənlərin, eləcə də kitab mağazlarından rus və xarici dillərdə bədii ədəbiyyat alanların sayı daha çoxdur. Məsələn, “Akademik kitab” mağzasının direktoru Əliağa Cəfərli bildirdi ki, əhali Azərbaycan dilində kitab almasa da, ingilis dilində bədii ədəbiyyatla daha çox maraqlanır. Fotolara burada baxa bilərsiniz. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 06.07.2008 11:31 © anspress.com |