Tanınmamış Cənubi Osetiya Respublikası Gürcüstanı hədələdi
Separatçıların lideri E.Kokoytı: "Gürcülər bizim ərazidən çıxmasalar, biz bölgəyə ağır texnika yeridəcəyik"!

"Gürcüstan bizim yaşayış məntəqələrimizi atəşə tutmaqda davam etsə, gürcü-osetin münaqişəsi zonasına ağır texnika yeridəcək». Bu bəyanatı bu gün tanınmamış Cənubi Osetiya respublikasının prezidenti Eduard Kokoytı verib. «Biz gürcü tərəfinin bölgədən öz ordusunu yığışdırmasını gözləyirik. Əks təqdirdə orada əldə edilmiş razılıqlara zidd olaraq cəmləşmiş bütün qüvvələri məhv edəcəyik. Osetiyanın buna gücü də çatar»! Eduard Kokoytı Rusiyanın «Vesti» proqramına müsahibəsində bildirib ki, indiyədək gürcülərin açdığı atəşə onlar cavab verməyib.

Qeyd edək ki, ötən gecə gürcü-osetin münaqişəsi zonasına şiddətli atışma olub. Gürcüstan Müdafiə nazirliyinin sülhməramlı əməliyyatları üzrə qərargahının rəisi Mamuka Kuraşvili atışma faktını təsdiqləyib və bildirib ki, ilk atəş osetinlər tərəfindən açılıb. «Odur ki, Tsxinvalinin bəyanatları əsassızdır. Onlar bizi təxribata çəkmək istəyirlər. Bu gecə Cənubi Osetiya tərəfdən atışma başlayıb, səhər saat 6 radələrində isə onlar Gürcüstana məxsus nəzarət-buraxılış məntəqəsinə hücuma cəhd ediblər. Bu məntəqə isə böyük strateji əhəmiyyət daşıyır - Böyük və Kiçik Liaxvi dərələrini birləşdirən yolun düzx kəsişməsində yerləşir. Cənubi Osetiyanın addımı da - məntəqəni ələ keçirməklə, ərazidə vəziyyəti nəzarət altına götürmək olub. Bu səbəbdən də biz cavab atəşi açmağa məcbur olduq». M.Kuraşvili qeyd edib ki, Tiflis, bu silahlı təxribatda cənubi osetiyalıların tərəfində Şimali Osetiya Respublikasından gəlmiş sülhməramlı qüvvələrin də iştirakından məyusdur.

Hazırda silahlı toqquşmanın baş verdiyi ərazidə bölgədəki Sülhməramlı Korpusun nümayəndələri tərəfindən monitorinq aparılır. Hadisə yerində bir neçə mərmi tapılıb, eləcə də partlayış izləri aşkar edilib /ANS Press/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 04.07.2008 14:00

© anspress.com