Qarşıdan gələn şənbə-bazar günləri dağ rayonlarına istirahətə getmək istəyənlər ehtiyatlı olmalıdır
Hidrometeorologiya Departamenti bu uik-end də havaların qeyri-sabit keçəcəyini proqnozlaşdırır

Coğrafi baxımdan bəlkə də biz dünyanın çox xoşbəxt sakinləriyik. Deyəsən həqiqətən də təbiətin bizə rəhmi gəlir. Dünyada təbii fəlakətlərdən, qlobal isitiləşmədən, meşə yanğınlarından əziyyət çəkən ölkələrin sayı gündən-günə artsa da, ölkəmizdə yayın ortasında qızmar günəşə hələ ki, rast gəlmək olmur. Havaların belə keçməsinə təəssüflənənlər heç də sevinənlərdən az deyil. Bunu başa düşmək o qədər də çətin deyil. Onlar sadəcə günəşdən və dənizdən, ümumiyyətlə təbiətdən faydalanaraq istirahət etmək, işdən, səs-küydən müvəqqəti də olsa ayrılmaq istəyirlər.

Sinoptiklərin verdiyi məlumata görə, iyul ayının ilk 10 gününə qədər dənizdə istirahət etmək, daha doğrusu isti dəniz suyunda çimmək arzusunda olanları sevindirmək hələ ki, mümkün olmayacaq. Sabah isə Abşeron çimərliklərində dəniz suyunun hərarəti 25-26° olacaq. Ümumiyyətlə isə Respublika ərazisində gün ərzində qeyri-sabit hava şəraiti olacaq, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal küləyi saniyədə 15-20, arabir isə 23 metr əsəcək. Gecəyə doğru hava nisbətən mülayimləşəcək.

Bakı və Abşeron yarımadasında sabah gün ərzində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, mülayim cənub-şərq küləyi əscək, temperatur gecə 19-21°, gündüz 30-32°, atmosfer təzyiqi 757 mm civə sutunu, nisbi rutubət 75-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında iyulun 5-nə keçən gecə bəzi yerlərdə şimşək çaxacaqı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz hava müşahidə olunacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34°, dağlarda gecə 7-12°, gündüz 19-24° olacağı gözlənilir./ANS Press/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 04.07.2008 14:11

© anspress.com