Dmitri Medvedev Bakıya nə ilə gəlib, nə ilə getdi?
Və ya Kreml rəhbərinin səfəri Azərbaycana nə verəcək?
Azərbaycanın gündən-günə regionda ən güclü dövlətə çevrilməsi qonşuları, hətta böyük dövlətləri onunla hesablaşmağa vadar edir. Dmitri Medvedevin Bakıya səfəri bir daha onu göstərdi ki, şimal qonşumuz da bunu, qısqanclıqla da olsa, boynuna alır. Hər halda, xarici ölkələrə ilk rəsmi səfər silsiləsini Kreml rəhbərinin məhz Azərbaycandan başlaması ona işarə edir ki, artıq Moskva Bakı ilə hesablaşmağın qaçılmaz olduğunu başa düşməyə başlayıb.
Rusiya prezidentinin rəhbərlik etdiyi böyük nümayəndə heyəti bura, sözsüz ki, Moskvanın maraqlarına uyğun təkliflərlə gəldi. Azərbaycan qazının «Qazprom» tərəfindən alınması və bununla da Rusiyanın bölgədə qaz monopolistinə çevrilməsi, şübhəsiz ki, ən vacib məqsədlərdən biri idi. İdi… amma, alınmadı. Sözsüz ki, dövlət başçılarının təkbətək görüşündə nələrin müzakirə olunduğu məlum deyil. Amma bu danışıqlarda qazla yanaşı, Dağlıq Qarabağ məsələsi, eləcə də regiondakı vəziyyət, o cümlədən də Gürcüstan və İrana dair son hadisələr nəzərdən keçirilməyə bilməzdi. Xüsusilə Gürcüstanda cərəyan edən son hadisələr fonunda…
Səfəri diqqətlə izləyən politoloqlar hesab edirlər ki, Kreml rəhbərinin Azərbaycana səfəri Moskva üçün konkret nəticə vermədi. Hər halda, politoloq Vəfa Quluzadə fikirlərini onunla əsaslandırır ki, səfərin Azərbaycan-Rusiya əlaqələrində böyük rolu olmayacaq, çünki bu səfərdə heç bir ciddi problemə ciddi surətdə toxunulmadı. «Birincisi, Dağlıq Qarabağ məsələsində Moskva köhnə mövqeyini nümayiş etdirdi. Bəyanat verdilər ki, «prezidentlər görüşsün, bunun böyük əhəmiyyəti var». Amma özlərinin bu münaqişədəki rolu haqda və ya erməni işğalına qarşı münasibətdə yenilik nümayiş etdirmədilər. İkincisi, Rusiya olduqca narahatdır, çünki Azərbaycan böyük tranzit ölkəsidir və buradan neft vg qaz kəmərləri Rusiya ərazisindən yan keçməklə Avropa və dünya bazarlarına çıxarılır. Moskva belə vəziyyətdə Avropada qaz və enerji monopoliyasını itirir. Düşdüyü vəziyyəti düzəltmək üçün Rusiya, əlbəttə, Azərbaycan qazını almağa cəhd edir». Bakının razılıq vermədiyini və məsələnin müzakirə edilməsinin vacibliyini vurğulamasını müsbət hal adlandıran politoloq ümumiyyətlə Medvedevin Türkmənistan və Qazaxıstan səfərlərinin də nəticə etibarilə eyni başa çatacağını düşünür. «Yəni söz veriləcək ki, təkliflər və ortaya qoyulan məsələlər ətrafında müzakirələr aparılmalıdır, amma sözsüz ki, hər bir dövlət də öz milli marağından çıxış edəcək. Rusiya istədiyi monopoliyanı əlində saxlaya bilməyəcək».
Politoloq Hikmət Hacızadə Rusiya kimi böyük dövlətin prezidentinin Azərbaycana gəlişini əlamətdar hadisə sayır. Amma o da bu səfərin Moskva üçün istənilən nəticəni vermədiyini hesab edir. «Çünki burada orta və böyük məqsədlər ortaya qoyulur. Orta məqsədlər sırasına - əməkdaşlığı və ticarəti inkişaf etdirmək və sair buk imi məsələlərdir. Bunlar, əlbəttə ki, çox müsbət haldır. Böyük məqsədlər sırasında isə sözsüz ki, Dağlıq Qarabağ məsələsidir ki, bu problem həll edilməmiş qalır. Qazımızı almaq və dünyanın qaz bazarında Kreml öz şərtlərini diqtə etmək istəyir… Axı, Bakı bunu başa düşür. Sözüz ki, buna getməməlidir də». Hikmət Hacızadə hesab edir ki, Dmitrii Medvedev bu səfəri zamanı İran və Gürcüstandakı vəziyyətə toxunmaya bilməzdi. «Azərbaycan regionda çox vacib strateji əhəmiyyət daşıyır. Bakının Tiflisi hərtərəfli dəstəkləməsi Moskvanı çox qıcıqlandırır. Zənn edirəm ki, Medvedev də bu barədə danışmaq istəyirdi, amma Bakı öz mövqeyində qaldı».
Beləliklə, indi Rusiya prezidenti MDB-nin ən iri qaz ölkələrindən biri olan Türkmənistandadır. Dmitrii Medvedev və Qurbanqulu Berdımuxamedov bir az əvvəl təkbətək görüşə girib. Aşqabadın Bakı kimi öz mövqeyində qala bilib-bilməyəcəyi, eləcə də Kremlin onu öz təsir dairəsinə almaq cəhdinin nə ilə nəticələnəcəyini verilən bəyanatlardan, imzalanacaq sənədlərdəki standart cümlələrin olub-olmamasından, hətta dövlət başçılarının mimikalarından belə bəlli olacaq.
Aytən Səfərova, ANS Press
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 04.07.2008 13:45
© anspress.com
|