«Qafqaz günləri» və «Paris günləri» ekranlaşdırıla bilər
Rejissor Rüstəm İbrahimbəyov artıq hər iki əsər əsasında yazdığı ssenarini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib

Musa Nağıyev və Şəmsi Əsədullayevin nəvəsi, məhşur azərbaycanlı qadın yazıçısı Ümül Banunun 1940-cı illərdə yazdığı «Qafqaz günləri» və «Paris günləri» romanları əsasında film çəkiləcək. Bu ideya tanınmış yazıçı-dramaturq, görkəmli rejissor Rüstəm İbrahimbəyova məxsusdur. Kinoxadimin sözlərinə görə, o, artıq hər iki əsər əsasında yazdığı ssenarini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib və hələlik müsbət cavab gözləyir.
Xalq yazıçısı vurğulayıb ki, «Qafqaz günləri» və «Paris günləri» əsərlərinin əhəmiyyəti həm də burada Xalq Cumhuriyyətinin yaradılmasının qabarıq şəkildə əks olunmasından ibarətdir. Bu isə filmi ərsəyə gətirmək üçün əsas amillərdən biridir.
Filmin rejissor işinin kimə həvalə oluncağı hələlik bəlli deyil. Lakin bəzi məqamlar artıq dəqiqdir. Fransa ilə müştərək çəkiləcək ekran əsərinin prodüsseri rol alacaq bir qisim aktyorlar kimi fransalı peşəkar olacaq.
Rüstəm İbrahimbəyov Azərbaycanda bu günədək nəhəng tarixi filmlər çəkilmədiyindən belə bir addım atdığını deyib. Onun fikrincə, Fransa ilə iş birliyi filmin ərsəyə gəlməsində öz tövhəsini verəcək. Rüstəm İbrahimbəyovun sözlərinə görə, əgər Nazirlikdən müsbət cavab gəlsə, ekran əsərinin çəkilişlərinin 90 faizi Azərbaycanda, xüsusilə də Bakıda aparılacaq.
«Əli və Nino» əsərinə də Azərbaycanda ekran həyatı vermək dramaturqun çoxdankı arzusudur. Çünki iki gəncin məhəbbətilə yanaşı, bu əsərdə də ölkəmizin tarixi, özəlliklə 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulması və onun sovet hakimiyyəti tərəfindən süqutu əks olunub. Amma bunun üçün böyük məbləğdə maddi vəsait tələb olunur. Odur ki, əvvəlcə maliyyə problemləri dəf edilməlidir. Ümid yeri isə dövlət, ya da fiziki şəxsdir.
Amerika Kino Akademiyasının üzvü kimi Rüstəm İbrahimbəyov hesab edir ki, istehsal olunan hər hansı bir film maneəsiz «Oskar» mükafatına namizədliyini irəli sürə bilər. Təki çəkiləcək film səviyyəli olsun. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 04.07.2008 12:47

© anspress.com