Gələn il təbii qazın 1000 kubmetrinin qiyməti dollara çata bilər
«Qazprom» isə Azərbaycandan bazar qiyməti ilə maksimum qaz almağa çalışır

Bu ilin sonunadək qazın qiyməti 500 dollara, gələn il isə ümumiyyətlə min dollara çata bilər. Bu barədə «Qazprom»un rəhbəri Aleksey Miller bəyan edib. Onun sözlərinə görə, bir qədər əvvəl «Qazprom»un analitikləri qiymətlərlə bağlı proqnozlara baxıblar və indi onlar yeni qiymətlərdən çıxış edəcəklər. Əgər həmin prooqnozlar düz çıxsa, gələn il Avropada qazın bir kubmetri bir dollardan satılacaq. Amma Millerin sözlərinə görə, bu, o zaman baş verə bilər ki, neftin qiyməti 250 dollara çatsın.

Miller bildirib ki, bu rəqəmlər o qədər də inanılmaz deyil. Bəzi hallarda bazarda təcili müqavilələrdə qazın 1000 kubmetrinin qiymətinin min dolları keçdiyi hallar olub.

Hələlik isə «Qazprom» şirkəti Azərbaycandan qazın alınması barədə danışıqlara başlayıb. Aleksey Millerin sözlərinə görə, Azərbaycan qaz ixrac edən ölkələrin forumunda iştirak edə bilər. «Qazprom» rəhbəri bildirir ki, onun şirkəti Azərbaycandan və başqa ölkələrdən bazar qiyməti ilə maksimum həcmdə qaz almaq istəyir. Qaz satışı ilə bağlı danışıqları Avropada da böyük diqqətlə izləyirlər. Çünki indi haqqında danışılan qaz həm də Avropaya «Nabukko» kəmərini doldurmaq üçün lazımdır. Məşhur «Faneşnl tayms» qəzeti bildirir ki, Medvedyevin Azərbaycanda qaz danışıqları aparması bir daha təsdiqləyir ki, Rusiya bu bazarda üstünlüyü bundan sonra da əldə saxlamaq istəyir. QƏZETİN fikrincə, Rusiyadan kənar keçən mühüm neft kəmərinə malik olan Azərbaycan çox güman ki, Amerika ilə olan münasibətləri korlamayacaq və Rusiyaya qaz satmağa razılaşmayacaq. Bununla yanaşı, qəzet yazır ki, Rusiyanın təklifi daha cəlbedici ola bilər. Çünki bu variantda Azərbaycan qazının ixrac imkanları tezləşir. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 04.07.2008 11:39

© anspress.com