Yaxın günlərdə Bakı şəhərində iki yeni avtomobil yolu istifadəyə veriləcək
«Azadlıq» meydanı-Zığ dairəsi istiqamətində yolun genişləndirilməsi işləri başa çatmaq üzrədir

Yaxın günlərdə Bakı şəhərində iki yeni avtomobil yolu istifadəyə veriləcək. Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib. Məlumatda həmçinin bildirilir ki, paytaxtın Zığ şossesi üzərində bir körpü tipli yol ötürücü və bir tunelin tikintisi nəzərdə tutulub.

«Azadlıq» meydanı-Zığ dairəsi-Heydər Əliyev beynəlxalq hava limanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində «Azadlıq» meydanı-Zığ dairəsi istiqamətində yolun genişləndirilməsi işləri başa çatmaq üzrədir. Bu layihənin icrası ilkin olaraq iki mərhələyə bölünüb. Birinci mərhələdə Zığ dairəsi-Heydər Əliyev beynəlxalq hava limanı istiqamətində eni 29,5 metr, uzunluğu 20 km olan 6 zolaqlı yolun 28-30 sm qalınlığında beton örtük çəkilməklə tikintisi işləri artıq başa çatdırılıb. Bu mərhələnin icrası 6 ay davam edib və mayın 9-da yol istismara verilib.

Layihənin ikinci hissəsində - «Azadlıq» meydanı-Zığ dairəsi yoluna asfalt örtüyü çəkilir. Bu yol 8 zolaqlı olmaqla eni 36 metr, uzunluğu 12 km-dir. Yoldakı 8 zolaqdan 4-ü sürətli hərəkət üçün nəzərdə tutulub. Yol boyu - Zığ şosesinin Ramiz Quliyev küçəsi ilə kəsişməsində 1 körpü tipli yolötürücü, Gəncə prospekti ilə kəsişməsində 1 tunel tipli yolötürücünün inşası nəzərdə tutulub.

Körpü tipli yolötürücünün uzunluğu ayırıcılarla birlikdə 690 metr, eni 23,4 metrdir. Tunel tipli yolötürücü isə, 4 zolaqlı olmaqla eni 26 metr, uzunluğu yanaşmalarla birlikdə 630 metrdir. Bundan başqa, yenidən qurulan şosse boyu piyadaların hərəkətini asanlaşdırmaq üçün 5 yerüstü piyada keçidinin tikintisi də nəzərdə tutulub. Həmin keçidlər eskalatorla təchiz olunacaq, yolun hər iki tərəfində eni 2-2,5 metr olan səki salınacaq. Yolun işıqlandırılması üçün xüsusi olaraq dizayn edilmiş işıqlandırma dirəkləri isə eni 2 metr olan ayırıcı zolaqda yerləşdiriləcək.

Ayırıcı zolaqlarda hər 30 metrdən bir işıqlandırma dirəkləri quraşdırılacaq. yolboyu istinad divarlarının tikintisi də layihə çərçivəsində həyata keçiriləcək işlərin sırasına daxildir. Artıq bəzi ərazilərdə işlər tamamlanıb. Avqust ayında yolun genişləndirilməsi işlərinin başa çatdırılması planlaşdırılır. Azərbaycanda nəqliyyat sisteminin təkmilləşdirilməsi proqramı çərçivəsində «Azadlıq» meydanı-Zığ dairəsi-Heydər Əliyev beynəlxalq hava limanı yolunun yenidən qurulması layihəsinin icrasına ötən ilin noyabr ayında başlanılıb. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 03.07.2008 10:39

© anspress.com