Bu gün metronun Gənclik və 28 May stansiyaları arasında törədilmiş partlayışdan 14 il keçir
Hadisə nəticəsində 14 nəfər ölmüş, 57 nəfər isə yaralanmışdı

Bu gün Bakı Metropoliteninin Gənclik və 28 May stansiyaları arasında törədilmiş partlayışdan 14 il keçir.

1994-cü il iyulun 3-də, Gənclik stansiyasına doğru hərəkət edən qatar saat 8:35-də tuneldə partladıldı. Araşdırmalar nəticəsində məlum oldu ki, partlayıcı maddə olan trotil vaqonlardan birinə qoyulubmuş. Partlayış dalğası o qədər güclü idi ki, qurğunun yerləşdirildiyi vaqon tunnelin tavanına yapışmışdı. Bu terror aktı nəticəsində 14 nəfər öldü, 57 nəfər yaralandı. Dövlətə milyonlarla dollar ziyan dəydi.

Terror aktının həyata keçirilməsində əli olduğu güman edliən 3 nəfər - Saakov, İlçuk və Kareçikov adlı şəxslər saxlanıldı. Lakin sonradan məlum oldu ki, onların metronun partladılmasında yox, Neftçilər stansiyası, Təzəpir məscidinin partladılması və Sərsəng su anbarını zəhərləməyə cəhddə əli varmış. Metro partladanın sorağı isə Rusiyadan gəldi.

Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində, terrorçu Azər Aslanov Moskvada həbs edildi və partlayışda erməni əlinin olduğu üzə çıxdı. Məlum oldu ki, erməni əsirliyində olmuş Azər Aslanov anasını girovluqdan azad etmək üçün Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə metroda partlayış törətməyə razılıq verib. Buna görə də o, Vətənə xəyanətdə ittiham olundu və əmlakı müsadirə olunmaqla ömürlük həbsə məhkum edildi.
Qeyd edək ki, bu, Qarabağ münaqişəsi başlanan gündən Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı törətdiyi 32-ci terror aksiyası idi. /ANS Press/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 03.07.2008 10:38

© anspress.com