"Mətbuat Şurasının 5-ci qurultayından çox şey gözləyirdim"
Sevda Güləhmədova: "Ən böyük istəyim MŞ İdarə Heyətində dəyərli qadın həmkarlarımı görmək idi"

«Women’s Media Watch» Azərbaycan Qadın Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü, ANS ÇM radiosunun «Qadın vaxti» verilişinin aparıcısı Sevda Güləhmədova ilə müsahibə:

- Mətbuat Şurasının 5-ci qurultayından razı qaldınızmı?

- Açığı, MŞ-nin 5-ci qurultayından gözləntilərim çox idi. Ən böyük istəyim MŞ İdarə Heyətində dəyərli qadın həmkarlarımı görmək idi. Bilirsiniz ki, Azərbaycan mətbuatı ciddi şəkildə gender disproporsiyası problemini yaşayır. Xeyli sayda qadın jurnalistimiz olsa da, onların mətbuat orqanlarının rəhbərliyində yüksək pillə tutmaq imkanları çox məhduddur. Doğrudur, ANS Yayım və Media şirkətində işlədiyim 6 il ərzində belə bir ayrıseçkiliyin şahidi olmamışam. Əksinə, bu şirkətdə əksər başlıca vəzifələri qadınlar icra edilər. ANS-ÇM radiostansiyasının proqram direktoru qadındır, ANS-PRESS-də baş direktor qadındır, ANS TV-in «Xəbərlər» Departamentinin baş redaktoru da qadındır. Amma əfsuslar olsun ki, ümumilikdə Azərbaycan mətbuatında, ələlxüsus da televiziyalarda qadınlarımızın rəhbər vəzifələrə böyümə əmsalı heç də ürəkaçan deyil.
Mətbuat Şurasının 5-ci qurultayını əvvəlkiləri ilə müqayisədə irəli addım hesab etmək olar. Fəaliyyət göstərdiyi 5 ildən sonra, MŞ-nın İdarə Heyətində ilk qadın jurnalist yer alıb. Biz bu seçimi alğışlayırıq. Bu baxımdan Azərbaycan Qadın Jurnalistlər Birliyinin gender bərabərliyi naminə apardığı kampaniyanı uğurlu sayırıq. İndi biz MŞ-nın Əsasnaməsinə İdarə Heyətində qadınlar üçün kvota ayrılmasına çalışırıq. Bu əlavə qəbul olunarsa, biz üzümüzə gələn qurultaylarda qadınların təmsil olunmasında irəli sıçrayış əldə edə bilərik. Biz bu və digər məsələlərin həllinə nail olmaq üçün Mətbiat Şurasının təsdiq olunmuş yeni tərkibi ilə işbirliyini səbirsizliklə gözləyirik.

- Sizcə, MŞ-nın rəhbərliyinə seçilən xanım həmkarınız qadınlar üçün nə isə edə biləcəkmi?

- Mən hesab etmirəm ki, İdarə Heyətinə üzv olan qadın və ya gələcəkdə seçiləcək xanımlar qadın məsələləri ilə məşğul olmalıdırlar. Xeyr, onların missiyası jurnalistlə vətəndaş, KİV ilə məmurlar arasında olan münaqişələri Mətbuat Şurası səviyyəsində həll etməkdir. Barışdırmaq, münaqişəni həll etmək, eləcə də etik jurnalistika məsələlərini dərindən bilmək, nəyin diffamasiya, nəyin əsaslı yazıldığına dair mühakimə yürütmək baxımından qadın jurnalistlərimiz böyük potensiala malikdirlər. Onlar Azərbaycan mətbuatında özünü-idarə sisteminin bərqərar olmasına böyük töhvə verə bilərlər. Digər tərəfdən, şikayətçilərin məsələlərinə baxılarkən də, gender təmsilçiliyi vacib faktordur. Hesab edirəm ki, MŞ-nın şikayətlərlə iş üzrə komissiyasinda qadınların təmsil olunması vacibdir.
Bu gün Azərbaycanda rəsmi qeydiyyatdan keçən 3000-dən çox mətbu orqanda təsisçi və redaktor səviyyəsində olan qadın təmsilçilərimiz 1/8 təşkil edir. Bu, haqsızlıqdır. Qadınların məsul vəzifəyə çəkilməməsi üçün guya gec saatlaradək işləyə bilməməsi, ailə baqajı daşıması və s. kimi bəhanələr gətirilir. Mən şəxsən özüm gec saatlara qədər, hətta səhərədək redaksiyada çalışan xanımlar tanıyıram. Belə iradlar əsassızdır və bu münasibət dəyişməlidir. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 30.06.2008 16:34

© anspress.com