«Mən öz dinləyicimi hiss edirəm»
Əməkdar artist Briliyant Dadaşovanın «İstiot» jurnalına müsahibəsi

-Brilliant xanım, mahnı seçimi edərkən ən çox hansı xüsusiyyətə diqqət yetirirsiniz?

-Ancaq qəlbimə yatan mahnıları ifa edirəm. Zövqümə uyğun dinləyicini hiss edirəm. Çünki mən özüm də dinləyiciyəm. Ümumiyyətlə, dünyada fenomen insanlar çoxdur. Bu yaxınlarda türk kanallarının birində cavan bir oğlan iştirakçıların dadına baxdığı yeməklərin tamını hiss edib adını deyirdi. Hətta iştirakçının qoxuladığı gülün iyini də hiss edib adını çəkirdi. Bu baxımdan mənə elə gəlir ki, öz dinləyicimi hiss edirəm, duyuram və bu keyfiyyət mənə sənətdə çox kömək edir.

-Nə vaxtsa zövqünüzü oxşayan, amma zaman keçdikcə sizi əsəbləşdirən və ya təsir bağışlamayan mahnılarınız olubmu?

-Heç vaxt. Hətta uşaq ikən dinlədiyim mahnılara qulaq asdıqda, ya da oxuduqda yenidən o illəri yaşayıram, o günlərə qayıdıram. Bəlkə də bu xüsusiyyət özümü yaxşı hiss eləməyimə, gözümün nurunu itirməməyimə kömək edir. Ona görə də o mahnılar mənim üçün çox əzizdir. «Külək», «Gecə yaman uzundur», «Sevgilim», «Mehriban Bakı» və bu kimi bir çox mahnıları uşaqlıqdan sevib qulaq asmışam, daha sonralar isə ozüm ifa etmişəm.

-Axırıncı iki mahnı «Romeo mənim qonşumdur» və «Əhməd haradadır» filmlərinin sountreki olmuşdur, mahnı kimi dinləyicilərə ilk dəfə siz çatdırmısınız. Yəqin, bu fikir danışdığınız hisslərdən yaranıb.

-«Sevgilim»i uşaq vaxtımdan filmdə Rəşid Behbudovun ifasında qulaq asmışdım. Səhnədə, konsertlərdə heç kim ifa etmirdi. Düz deyirsiniz, ilk dəfə 1988-ci ildə tələbə olarkən həm bu mahnını həm də, «Mehriban Bakı» mahnısını ifa etmişəm. Bu mahnılar məndə xoş təəssürat yaratdığından, duyuram ki, dinləyicilərimə də gözəl hisslər bəxş edir. Mahnıları ifa edərkən tamaşaçının keçirdiyi hissləri duyuram. Bəlkə də ona görə mənim üçün hər mahnı bir həyat qədər qiymətlidir. Bəlkə də musiqi ilə məşğul olmayan insanlara bu qəribə gələr, amma mənim üçün bu normaldır.

-Musiqi ilə nəfəs alan insanın uzun müddət sənətdən uzaqlaşması necə mümkün oldu?

-Xeyr, mən sənətdən ayrılmamışdım, sadəcə, kənara çəkilmişdim. Elə bir qalmaqal anı yaranmışdı ki, sənəti deqradasiya səviyyəsinə gətirib çıxarmışdılar. Belə olan vəziyyətdə anladım ki, mənim yerim deyil. Bəziləri düşünürdü onlara mane oluram və kənara çəkildim ki, sənətləri varsa, göstərsinlər. Axı mənim sənətim həmin o bəzilərinin sənətini kölgədə qoyurdu!

-Türkiyə səfəriniz haqqında nə deyə bilərsiniz?

-Bu barədə yeni diskim çıxandan sonra ətraflı danışarıq. Məni sevərlərə yaxşı xəbərlərim olacaq./ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 28.06.2008 16:01

© anspress.com