Akademik Opera və Balet Teatrında «Ümid valsı» baletinin premyerası keçirilib
Səhnə əsərində əsas rolları respublikanın əməkdar artistləri Kamillla Hüseynova və İslam İslamov ifa edib

Başa çatmaqda olan teatr mövsümünün son günlərində Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi öz tamaşaçılarına yeni səhnə əsəri təqdim edib. Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı, professor Aqşin Əlizadənin «Ümid valsı» baletinin premyerası keçirilib. Bəstəkarın bu yeni balet əsəri 20-ci əsrin əvvəllərində Bakıda mövcud olan mürəkkəb ictimai-siyasi durum, həyatın keşməkeşləri fonunda iki gəncin - Elmurad və Səlminazın məhəbbəti, onların öz sevgilərini qorumaq uğrunda mübarizəsi və gələcəyə nikbin baxışlarından bəhs edilir.

Əsərin önəmli cəhətlərindən biri də ilk dəfə məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdın Tağıyev obrazının yaradılmasıdır. Baletin müəllifi və artıq bu teatrın səhnəsində üçüncü əsərini izləyən xalq artisti Aqşin Əlizadə bir tamaşaçı kimi əsərdən razı qaldığını qeyd edib. Tamaşanın quruluşçu baletmeysteri uzun illərdən bəri Azərbaycanda yaşayıb-yaradan albaniyalı xoreoqraf Pulumb Aqilliudir. O, indiyədək Opera və Balet Teatrının səhnəsində iki tamaşaya quruluş verib.

45 dəqiqəlik «Ümid valsı» baletinin dirijoru xalq artisti Cavanşir Cəfərov, rəssamı Tahir Tahirovdur. Əsas rolları respublikanın əməkdar artistləri Kamillla Hüseynova və İslam İslamov ifa edib. Hacı Zeynalabdın Tağıyev obrazını yaratmağı isə Rüfət Şəfiyev öz üzərinə götürüb./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 24.06.2008 13:24

© anspress.com