Əflatun Amaşov: "Mən belə də gözləyirdim"
Mətbuat Şurası sədrinin fikrincə, jurnalistlərin beşinci qurultayı əvvəlki qurultaylara nisbətən çox demokratik keçib
- Azərbaycan Jurnalistlərinin beşinci qurultayı başa çatdı. Bu qurultayda Mətbuat Şurasının yeni və həm də köhnə sədri seçildi. Çətin oldu, yoxsa asan?
- Mən belə də gözləyirdim. Mən onu da deyərdim ki, Azərbaycan jurnalistlərinin beşinci qurultayı əvvəlki qurultaylara nisbətən çox demokratik keçdi. Müxtəlif fikirlər səsləndi, müxtəlif fikirlər əsaslandırılmağa başlandı. Ancaq qurultaya toplaşan 138 kütləvi informasiya vasitəsinin 200-dən çox nümayəndəsi var idi. Onların əksəriyyəti nəyə səs verdi, qurultayın qətnaməsində də həmin məsələlər əksini tapıb. Mən ümumiyyətlə qurultayın nəticələrindən razıyam.
- Nəyi nəzərdə tutmuşdun, o da oldu. Prinsipcə, «Hesabat» verilişində keçən dəfəki söhbətimizdə orada zarafatla demişdin ki, «Qulu Məhərrəmlini işdən çıxartdım». İndi Qulu Məhərrəmli Mətbuat Şurasının üzvlərinin tərkibinə daxildir?
- Ehtiyat üzvə daxil oldu. Nisbətən işdən çıxmış kimidir. Mən deyərdim ki, Azərbaycan jurnalistlərinin qurultayında olan bu demokratiklik, olan səsvermə başqa qurumların keçirdiyi tədbirlərdə təkrarlanmır. Və ölkə jurnalistlərinin son toplantısında idarə heyətinin formalaşması qurultay nümayəndələrinin iradəsindən asılı oldu. Həmişə də belə olur. Bu, təbiidir. Bu gün bu şəxs daha çox səs toplayır. Növbəti dəfə ola bilsin başqaları daha çox səs toplasın. Mən hər şeyi təbii qarşılayıram.
- Köhnə tərkibdən daha kimlər var Mətbuat Şurasının idarə heyətində?
- Çoxdur köhnə tərkibdən.
- Bəs oraya girməyənlər kimlər oldu? Onda bunları saymaq daha asan olar.
- Ora girməyənlər Arfi Əliyev, Yadigar Məmmədli, Zeynal Məmmədli, Kamil Vəli Nərimanoğludur.
- Onların İdarə Heyətinə girməməsi sənə belə bir təhlükə yeri qoymur ki, nə vaxtsa onlar Mətbuat Şurasına alternativ bir qurum yaratmaq tövsiyəsi, təşəbbüsü ilə çıxış edə bilərlər? Mümkündürmü bu?
- Mətbuat Şurası açıq qurumdur. Çox demokratik qurumdur. Mətbuat Şurasına daxil olmaq da asandır, Mətbuat Şurasından çıxmaq da asandır.
- Şuranın konkret təsisçiləri varmı?
- Var, bəli. Mətbuat Şurasının 155 təsisçisi var.
- 155 təsisçinin hamısı bu gün təsisçi olaraq qalır, yoxsa təsisçilikdən çıxanlar var?
- Qurultayda təsisçilərdən 138-i iştirak edirdi. Yerdə qalanlar isə- bir sıra qəzetlər artıq fəaliyyət göstərmirlər. Onların yarısını biz tapa bilmədik. Yarısının qurultaydan xəbəri olmadı. Ona görə də onlarla biz əlaqə saxlaya bilmədik. Ancaq qurultayda 138 qəzet, jurnal, jurnalist təşkilatı, informasiya agentliyi iştirak etdi.
- Bizi niyə dəvət etməmişdiniz- bu televiziya jurnalistlərini?
- Biz televiziya rəhbərlərinə məktub göndərmişdik. Yalnız onların rəhbərlərini dəvət etmişdik və xahiş etmişdik ki, qurultayı işıqlandırsınlar. Və eyni zamanda, biz sonuncu qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında keçirdik. Həmin binada 140 yer var. 120-yə yaxın nümayəndə olandan sonra təqribən 20-yə yaxın da tədbiri işıqlandırmağa gələn jurnalist var idi. Qonaqları seçmək istəmədik. Yer az idi. Televiziyaların rəhbərləri məktub almışdılar ki, qurultayda iştirak etsinlər. Siz də söz vermişdiniz ki, iştirak edəsiniz. Sizi də görmədim.
- Ona görə ki, mən dəvət olunmamışdım.
- …
- Bu diqqətsizlik nəticəsində Mətbuat Şurası da özü-özünə bir sıra problemlər varadır. Sənə elə gəlmir? Məsələn, hansısa qəzetlər səndən diqqət gözləyirlər, Mətbuat Şurasından diqqət gözləyirlər və sən o diqqəti onlara yetirə bilmirsən. Sonra onlar başlayırlar inciməyə, sonra rəqibə çevrilməyə, sonra düşmənə çevrilməyə. Sonra başlayırlar ayağının altını qazmağa.
- Biz çalışacağıq ki, düşmənə çevrilməyək. Həmişə toy olanda, xeyir iş olanda ən yaxın adamlar küsürlər. Çünki qayğı daha çox kənardan gələn qonaqlara yönəlir, yaxın adamlara adam arxayın olur ki, bunlar küsməzlər yəqin ki. Təqribən böyük bir tədbir keçdi. Toy olmasın, hansısa bir seminar olsun, treninq olsun. Fərqi yoxdur.
- Nə dərslər çıxardın özün üçün bu qurultaydan? Hansılara ki, növbəti müddətdə buna yol vermək fikrində deyilsən?
- Söhbət mənim personamdan getmir burada. Biz qurultayda mətbuatın bu günkü vəziyyətini aydın gördük ki, mətbuatın vəziyyəti necədir, biz necə edək ki, Azərbaycan mətbuatı daha müstəqil olsun, sözün həqiqi mənasında dördüncü hakimiyyət kimi formalaşsın. Bax, bu problemləri biz özümüz üçün müəyyənləşdirdik və eyni zamanda, mən çıxış edərkən, müzakirələrin gedişində baş verən olaylar bizi- nəinki məni, idarə heyətinə seçilmiş yeni tərkibi daha məsuliyyətli olmağa vadar edir ki, bax, bu qədər insanlar sənə səs verir, sənə inanır. Və qarşıya qoyulan məqsədləri nə dərəcədə həyata keçirə bilərik? Həyata keçiriləcəkmi? Bunları həyata keçirmək üçün nələri etmək lazımdır? Çox güman ki, gərgin işləmək lazımdır.
- Mətbuat Şurası sədri nə qədər maaş alır?
- Çox az alır.
- Təxminən?
- Çox az alır.
- Çox az deyəndə ki, indi bu, kommersiya sirri deyil axı. Yəni o dərəcədə az alır ki, hətta deməyə adam utanır?
- Mətbuat Şurasının sədrinin maaşı 400 manata yaxındır.
- Bu, üzvlük haqqından irəli gəlir, yoxsa necə formalaşır?
- Mətbuat Şurası indiki şəraitdə yalnız üzvlük haqqı ilə büdcəsini formalaşdıra bilir.
- Üzvlük haqqı nə qədərdir?
- Üzvlük haqqı gündəlik qəzetlər üçün, eyni zamanda jurnalist təşkilatları, agentliklər üçün il ərzində 150 manata yaxındır.
- Artırmaq niyyətiniz yoxdur ki?
- Yox, biz belə qərara gəldik ki, bir sıra kütləvi informasiya vasitələri var ki, onlar yaranan vaxtdan bu vaxta qədər üzvlük haqqı verməyiblər, və hər dəfə də Mətbuat Şurasına qarşı çox ciddi tələblər irəli sürürlər, (bu da təbiidir), çox güman ki, biz müraciət edəcəyik ki, 2008-ci ilə qədər kimlər ki, Mətbuat Şurasına olan borclarını ödəməyiblər, onların borcları bağışlansın, silinsin. Və bu ildən başlayacağıq ki, bundan sonra onlar Mətbuat Şurasına olan üzvlük haqqlarını ciddi şəkildə ödəsinlər. Mətbuat Şurasının qarşısına qoyduğu böyük işləri həyata keçirmək üçün maliyyə imkanları olmalıdır. Bu da müəyyən qurumlarla əlaqələr nəticəsində, qrantlardan həyata keçirilə bilsin. Eyni zamanda, ayrı-ayrı fondlarla əlaqə saxlayıb qarşıya qoyulan məqsədləri həyata keçiririk. Çox inamlıyıq ki, Azərbaycan mətbuatının indiki durumunu yaxşılaşdırmaq üçün yaxın vaxtlarda həyata keçiriləcək dövlət dəstəyi də mətbuatın inkişafına yönəldiləcək. Zaman çatdıqca, hər şey öz həllini tapacaq.
- Ən böyük prioritet- başlıca olaraq nə etməlisən bu yaxın müddət ərzində?
- Bizim həbsxanada olan jurnalistlərimiz var və mən qurultayda da Prezidentdən xahiş etdim ki, həmin jurnalistlərin azadlığa çıxmasında bizə yardımçı olsun. Çünki onların azadlığa çıxması nəinki onların ailələri ilə, kollektivləri ilə qovuşduracaq, eyni zamanda Azərbaycanın beynəlxalq imicinə atılan məsələlərdə də müsbət rol oynayacaq. Əsasən ilk öncə bu məsələlərlə biz məşğul olacağıq. Sonra həmişə olduğu kimi, illik planımızı qəbul edəcəyik. Nəzərdə tutduğumuz tədbirləri həyata keçirəcəyik. /«Hesabat Mir Şahinlə»/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 23.06.2008 18:26
© anspress.com
|